ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Allahın adı ilə!
Bu gün axşam (çərşənbə axşamı, aprel ayının 9-u) Şəvval ayının hilalının cihazsız gözlə görünməsi sübuta yetmişdir. 
Buna əsasən sabah, Aprel ayının 10-u (çərşənbə günü) şəvval ayının biri, mübarək Fitr bayramıdır. Allah-taala bütün müsəlmanlara bu bayramı mübarək etsin.

Ayətullah əl-uzma Seyyid Əli Hüseyni Sistaninin dəftərxanası.

Kitablar » Geniş izahlı şəriət məsələləri, 1-ci cild

FİTRƏ ZƏKATI (FİTRİYYƏ) → ← XÜMS

MALIN ZƏKATI

MALIN ZƏKATI
Məsələ 2476.On şeydən zəkat vermək vacibdir:
1) buğda; 2) arpa; 3) quru xurma (təmr); 4) üzüm (kişmiş). Bu dörd şeyə “dörd bitkiçilik məhsulu” deyilir.
5) qızıl; 6) gümüş. Bu iki şeyə “iki nağd” deyilir.
7) dəvə; 8) inək; 9) qoyun. Bu üç şeyə “üç ev heyvanı” deyilir.
10) sərmayə (vacib ehtiyata əsasən).
Bu on şey “zəkatlıq mallar” adlanır.
Zəkat ili
Məsələ 2477.Dəvə, inək, qoyun, qızıl və gümüşdən zəkat insan on bir bütöv ay boyunca bu malların sahibi olduğu və zəkatın şamil olmasının digər şərtləri də gerçəkləşdiyi zaman vacib olur. Lakin sonrakı ilin başlanğıcını on iki ay tamam olduqdan sonra hesablamalıdır. Başqa sözlə, növbəti il bu mallara sahib olduğu vaxtdan bir bütöv il (on iki ay) keçdikdən sonra başlayır və bu ilə “zəkat ili” deyilir. Zəkatın şamil olduğu digər bir qisim mallar, yəni buğda, arpa, xurma və kişmiş xüsusunda isə bir bütöv ilin keçməsi şərt deyil və bu, qarşıdakı məsələlərdə izah ediləcəkdir.
Məsələ 2478. Sərmayə xüsusunda zəkat insanın on iki bütöv ay boyunca bu malların sahibi olduğu və zəkatın şamil olmasının digər şərtləri də gerçəkləşdiyi zaman, başqa sözlə zəkatın şamil olmasının digər şərtləri də gerçəkləşdiyi halda üzərindən bir zəkat ili keçdikdə vacib olur.
Məsələ 2479.Zəkat ili şəmsi (günəş) deyil, qəməri (ay) ili əsasında hesablanır. Buna əsasən, 2477-ci məsələdə on bir ayın keçməsi deyərkən qəməri (sinodik) təqvimlə on bir ay nəzərdə tutulur. Həmçinin, 2478-ci məsələdə sərmayə xüsusunda on iki ayın keçməsi deyərkən on iki qəməri ayı nəzərdə tutulur.
Zəkatın vacib olmasının ümumi şərtləri
Zəkatın sabit, yaxud vacib olmasının şərtləri iki qismə bölünür:
a) Zəkatın sabit, yaxud vacib olmasının ümumi şərtləri;
b) Zəkatın sabit, yaxud vacib olmasının xüsusi şərtləri.
Ümumi şərtlər bunlardan ibarətdir:
1-ci şərt: Zəkatın şamil olduğu şeyin sahibi olmalıdır
Məsələ 2480. Zəkatlıq malların(1) sahibi olmazsa (çöllükdə və bu kimi yerlərdə yabanı halda bitən buğda və arpa, yaxud çöllükdə və bu kimi yerlərdə başlı-başına buraxılmış, sahibi olmayan və kimsənin ələ keçirmə, yaxud ovlama və bu kimi üsullarla öz mülkiyyətinə keçirmədiyi inək və dəvə kimi), zəkatı yoxdur. Həmçinin, bir insanın mülkiyyətinə hələ tamamilə keçməmiş zəkatlıq malın (insana bağışlanılan, ancaq hələ əldə etmədiyi mal kimi) zəkatı həmin insana vacib deyil.
2-ci şərt: Cansız əşyalar, məqsədlər, yaxud ümumi ünvanlara deyil, həqiqi şəxslərə məxsus olmalıdır
Məsələ 2481.Zəkatlıq mallar məscidin, hüseyniyyənin, müqəddəs ziyarətgahların, Allahın evinin (Kəbənin) və s. mülkü olarsa, onların zəkatı vacib deyil. Həmçinin, əgər zəkatlıq mal əzadarlıq, yaxud İmam hüseynə (ə) əzadarlıq, Quran-i kərimin öyrənilməsi və öyrədilməsi, xəstələrin müalicəsi kimi şəriətə uyğun bir məqsəd üçün təxsis edilmiş mal olarsa, bu halda da sözügedən malın zəkatı vacib deyil. Habelə, əgər zəkatlıq mal yoxsullar, alimlər, tələbələr və s. ümumi ünvanlara təxsis edilmiş mal olarsa, bu malın zəkatı vacib deyil. Yalnız sözügedən mallar onları bu ünvana təxsis edən şəxs tərəfindən bu ünvana sahib olan bir insanın, yaxud bir qisim insanların mülkiyyətinə keçirilərsə, bu halda istisna olaraq zəkatın şamil olmasının digər bütün şərtlərinin də gerçəkləşməsi ilə sözügedən mallara zəkat şamil olur.
3-cü şərt: Sahibi azad olmalı, kölə olmamalıdır
Məsələ 2482. Kölələrin malları hərçənd nisab həddinə çatsa belə, onlara zəkat şamil olmur.
4-cü şərt: Mal “zimmətdə külli” deyil, “şəxsi” olmalıdır
Məsələ 2483.Əgər bir şəxsin başqa bir şəxsdən zəkatlıq mal alacağı vardırsa, məsələn, bir şəxs zəkatlıq malı ona zəkat şamil olmazdan öncə başqa bir şəxsə borc vermişdirsə, hərçənd onu geri alması mümkün olsa belə, zəkatını verməsi ona vacib deyil.
Məsələ 2484. Əgər insan zəkatın hələ şamil olmadığı bir malı başqa bir şəxsə borc verərsə və həmin mal təhvil alındıqdan sonra ona zəkat şamil olarsa, zəkat onun sabit olmasının digər şərtləri də gerçəkləşdiyi təqdirdə borc alan şəxsin öhdəsinə düşür.
5-ci şərt: Sahibi şərən zəkatlıq malı təsərrüf etmək hüququndan məhrum edilməməlidir
Məsələ 2485.Əgər zəkatlıq mal bir insanın mülkiyyətində olarsa, ancaq o, şərən həmin malı təsərrüf etmək(2) hüququndan məhrum edilmişdirsə, zəkat ona vacib olmur. Buna əsasən, zəkat şamil olmazdan öncə girov qoyulmuş mal, yaxud zəkat ona şamil olmazdan öncə vəqf edilmiş mal (hərçənd xas vəqf olsa belə)(3), həmçinin, zəkat ona şamil olmazdan öncə şəriət hakiminin alacaqlıların onun üzərində haqq sahibinə çevrilməsi səbəbi ilə sahibini təsərrüf hüququndan məhrum etdiyi mal kimi mallara zəkat şamil olmur.
Məsələ 2486.Əgər insan zəkatlıq malı sədəqə verməyi şəri qaydada nəzir edərsə, bu nəzir sözügedən malın zəkatının qüvvədən düşməsinə səbəb olmur. Buna əsasən, nəzirin yerinə yetirilməsinə xələl gəlməməsi üçün bu zəkatın başqa bir malla verilməsi vacibdir.
Buğda, arpa, xurma və üzümün (kişmişin) zəkatı
Məsələ 2487.Buğdası, arpası, xurması, yaxud üzümü olan şəxslər əvvəlki məsələlərdə qeyd edilən ümumi şərtlər və qarşıda qeyd ediləcək xüsusi şərtlər mövcud olduğu təqdirdə onların zəkatını verməlidirlər.
Buğda, arpa, xurma və üzümə (kişmişə) zəkatın şamil olmasının xüsusi şərtləri
1-ci şərt: Sözügedən məhsullar zəkat şamil olduğu vaxt insanın mülkiyyətində olmalıdır
Məsələ 2488.Əgər bir şəxsin buğdası, arpası, xurması, yaxud üzümü (kişmişi) olarsa və həmin şeyə zəkat onun mülkiyyətində ikən şamil olarsa, onun zəkatını verməlidir və sözügedən mülkiyyətin əkinçilik, satın alma, hədiyyə kimi qəbul etmə, miras kimi əldə etmə və s. yollarla yaranması arasında fərq yoxdur. Ancaq əgər sözügedən mallara zəkat şamil olmazdan öncə onlar insanın mülkiyyətindən çıxaraq başqa bir şəxsin mülkiyyətinə keçərsə və həmin şəxsin mülkiyyətində onlara zəkat şamil olarsa, zəkatın verilməsi birinci mülkiyyətçinin öhdəsinə düşmür, ikinci mülkiyyətçi zəkatı verməlidir.
2-ci şərt: Sözügedən məhsullar müəyyən nisab həddinə çatmalıdır
Məsələ 2489.Buğda, arpa, xurma və üzümün (kişmişin) zəkatı onlar nisab miqdarına çatdıqda vacib olur və onların nisabı “üç yüz sa”dır. Deyilənlərə görə, bu, təqribən 847 kq-a bərabərdir.(4)
Məsələ 2490. Dörd bitkiçilik məhsulunun nisab miqdarının təyin edilməsində meyar (həcm, yaxud çəki) onların quruduğu zamandır. Buna əsasən, əgər sözügedən məhsullar quruduqdan sonra zəkatın verilməsi vacib olarkən nisab həddinə çatarsa, zəkatının verilməsi vacibdir. Ancaq əgər sözügedən məhsullar yaş ikən nisab həddinə çatdığı halda quruduqdan sonra zəkatın verilməsi vacib olarkən nisab miqdarından azalarsa, zəkatı yoxdur.
Dörd bitkiçilik məhsuluna zəkatın şamil olmasının vaxtı
Məsələ 2491. Buğda və arpaya zəkatın şamil olmasının vaxtı məhsulun ona buğda və arpa deyiləcək qədər yetişdiyi vaxtdır. Üzüm və kişmişin zəkatı ürfən ona üzüm deyildikdə vacib olur. Həmçinin, xurmanın zəkatının vaxtı ərəbdillilər ona təmr (quru xurma) dediyi vaxtdır.
Məsələ 2492. Xurmadan adətən üç şəkildə istifadə edilir:
1. Xurmadan quruyaraq “təmr” (quru xurma) adlandırıldığı vəziyyətdə istifadə edirlər.
2. Xurmanı yaş və təzə olduğu və “rütəb” adlandırıldığı vəziyyətdə məsrəf edirlər.
3. Xurmadan yetişməmiş və “xəlal”, yaxud “xarək” adlandırıldığı vəziyyətdə istifadə edirlər.
Quru xurmaya (təmrə) zəkat şamil olur və onunla bağlı hökm əvvəlki məsələlərdə qeyd edilmişdir. Təzə xurmaya (rütəbə) zəkat şamil olmur. Ancaq əgər onun qurusu nisab miqdarına çatarsa, müstəhəb ehtiyat budur ki, onun zəkatını versinlər. Həmçinin, kal xurma (xəlal, yaxud xarək) xüsusunda zahir budur ki, ondan zəkat vermək vacib deyil.
Məsələ 2493.Üzüm, ümumiyyətlə, iki qisimdir:
1. Kişmiş ola bilən və qurudularaq kişmişindən istifadə edilə bilən üzümlər. Zəkatın şamil olmasının bütün şərtlərinin gerçəkləşməsi ilə belə üzümlərə zəkat şamil olur.
2. Kişmiş ola bilməyən və təzə ikən istifadə edilən, yaxud qurusa belə, kişmişi ürfən istifadəyə yararlı olmayan üzümlər. Belə üzümlərin zəkatı yoxdur.
Dörd bitkiçilik məhsulunun zəkatının vacib olmasının vaxtı və bununla əlaqədar hökmlər
Məsələ 2494.Buğda və arpadan zəkat verilməsinin vacib olduğu vaxt onların təmizləndiyi, buğda və arpa dənələrinin küləş və kəpəkdən ayrıldığı vaxtdır.
Məsələ 2495. Quru xurmadan (təmrdən) zəkatın verilməsinin vacib olduğu vaxt adətən quru xurmanın (təmrin) dərilərək toplandığı vaxtdır və əgər xurmanı qurumamış dərərlərsə, sonra onu Günəş şüalarının altına sərməklə və ya bu kimi üsullarla qurudarlarsa, bu halda zəkatın verilməsi qurutduqları xurmanı yığdıqları vaxt vacib olur.
Məsələ 2496. Üzümdən zəkatın verilməsi onun kişmişinin yığıldığı vaxt vacib olur. Buna əsasən, üzüm ağacın (tənək, meynə) üzərində kişmişə çevrildiyi təqdirdə kişmişin adətən dərildiyi və yığıldığı vaxt zəkatın verilməsinin vacib olduğu vaxtdır. Əgər üzümü kişmiş olmazdan öncə dərərlərsə və dərdikdən sonra təbii, yaxud süni üsullarla qurudaraq ondan kişmiş alarlarsa, bu halda zəkatın verilməsinin vacib olduğu vaxt istehsal edilmiş kişmişin yığıldığı vaxtdır.
Məsələ 2497.İnsan bu dörd bitkiçilik məhsulunun zəkatını verməli olduğu zaman ya zəkatı onun müstəhəqlərinə (zəkat almaq haqqına sahib olanlara) verməli, ya da onu öz malından ayıraraq kənara qoymalıdır. Zəkatı ayırdıqdan sonra əgər ağlabatan bir səbəblə zəkatı verməyi təxirə salarsa, iradı yoxdur. Bununla bağlı izah 2634-cü məsələdə veriləcəkdir.
Məsələ 2498. İnsanın arpa və buğdanın yığılmasını və küləşdən ayrılmasını, yaxud üzümün kişmişə çevrilməsini və onun yığıldığı dövrün çatmasını və ya qurumuş xurmanın (təmrin) dərilməsini gözləməsi və zəkatı bundan sonra verməsi vacib deyil, zəkat ona şamil olduğu andan etibarən onun zəkatını verə bilər, həmçinin, zəkat miqdarının qiymətini müəyyənləşdirərək zəkat ünvanı ilə onun qiymətini nağd pulla da verə bilər.
Məsələ 2499. Əgər zəkat üzümə şamil olarsa və insan onun zəkatını kişmiş olmazdan öncə vermək istəyərsə, zəkat niyyəti ilə sözügedən üzümdən quruduqda ona vacib olacaq zəkat miqdarına bərabər miqdarı zəkata məsrəf etdiyi təqdirdə iradı yoxdur və kifayətdir.
Dördbitkiçilik məhsulunun zəkatının miqdarı
Məsələ 2500. Dörd bitkiçilik məhsulunun miqdarı onların suvarma üsulundan asılıdır. Əgər buğda, arpa, xurma və üzümün suvarılması üçün yağış, arx, yaxud kəhriz suyundan istifadə edilərsə və ya Misirin əkinçilik təsərrüfatlarında olduğu kimi torpağın rütubətindən istifadə edilirsə (bu hallarda köməkçi vasitələrə(5) ehtiyac yoxdur), onların zəkatı məhsulun onda biri (10%-i) miqdarındadır. Əgər adətən suvarıldığı kimi su nasosundan istifadə etməklə quyu (dərin, orta dərinlikli, yaxud az dərinlikli quyu) suyu ilə suvarılarsa, yaxud vedrə, nasos və bu kimi vasitələrlə quyu, yaxud çaydan su çəkərək təsərrüfat sahəsini, yaxud zəkatlıq malı suvararlarsa (bu halda belə sularla suvarma üçün köməkçi vasitələrə ehtiyac vardır), məhsulun zəkatı onun iyirmidə biri (5%-i) miqdarında olur.
Məsələ 2501.Əgər buğda, arpa, xurma və üzümün suvarılması üçün həm yağış suyundan, həm də quyu suyu və bu kimi sulardan istifadə edilərsə, ürfən “quyu suyu və bu qəbildən olan sularla suvarılmışdır” deyiləcək şəkildə olduğu təqdirdə onun zəkatı iyirmidə birdir. Əgər ürfən “arx və yağış suyu ilə suvarılmışdır” deyilərsə, zəkatı onda birdir. Əgər ürfən “hər iki üsulla suvarılmışdır” deyiləcək şəkildə olarsa (hərçənd suvarmada iki üsuldan birindən digəri ilə müqayisədə daha çox istifadə edilsə belə), onun zəkatı qırxda üç (7.5%) miqdarındadır.
Məsələ 2502. Xurma və üzüm ağaclarının suvarılmasında meyar bu ağacların özünün, tinglərin deyil, onların barının suvarılmasıdır. Yəni meyar sözügedən ağacların bar verməzdən öncə deyil, bar verdiyi vaxt necə suvarılmasıdır. Buna əsasən, əgər insan xurma, yaxud üzüm ağacı əkərsə və barvermə dövrünədək quyu suyu və bu qəbildən olan sularla suvararsa, bar verdikdən sonra isə ağacların səmərəsinin artması üçün onları suvarmazsa, əksinə sözügedən ağaclar yerin rütubətindən yararlanarsa, əldə edilən məhsulun zəkatı onda bir miqdarındadır.
Məsələ 2503.İnsan ürfən zəkatlıq məhsulun hər iki üsulla, yoxsa yağış suyu və bu qəbildən olan sularla suvarılmış hesab edildiyini bilmədiyi və şəkk etdiyi təqdirdə qırxda üç hissəsinin zəkat ünvanı ilə verilməsi kifayətdir.
Məsələ 2504. Əgər insan ürfən zəkatlıq məhsulun hər iki üsulla, yoxsa quyu suyu və vedrə ilə və bu qəbildən olan üsulla suvarılmış hesab edildiyini bilmirsə və şəkk edirsə, bu halda iyirmidə bir hissəsinin zəkat ünvanı ilə verilməsi kifayətdir.
Məsələ 2505. Əgər insan ürfən zəkatlıq məhsulun quyu suyu və bu qəbildən olan üsulla, yoxsa yağış suyu və bu qəbildən olan sularla, yoxsa hər iki üsulla suvarılmış hesab edildiyini bilmirsə və şəkk edirsə, bu halda iyirmidə bir hissəsinin zəkat ünvanı ilə verilməsi kifayətdir.
Məsələ 2506. Əgər buğda, arpa, xurma və üzüm yağış suyu və arxla suvarılarsa və yağış suyu və arxla suvarıldığı halda quyu suyu və bu qəbildən olan üsullarla suvarılmasına ehtiyac yoxdursa, lakin buna rəğmən quyu suyu ilə də suvarılarsa, belə ki, quyu suyu məhsuldarlığın artmasına kömək etməzsə, bu halda sözügedən məhsulun zəkatı onda birdir.
Əgər zəkatlıq məhsul quyu suyu və bu kimi üsullarla suvarılarsa və quyu suyu və bu kimi üsullarla suvarıldığı halda arx, yağış və bu kimi sularla suvarılmasına ehtiyac yoxdursa, lakin buna rəğmən arx, yağış və bu kimi sularla da suvarılarsa və onlar məhsuldarlığın artmasına kömək etmirsə, bu halda sözügedən məhsulun zəkatı iyirmidə birdir.
Məsələ 2507. Əgər bir şəxs bir əkini quyu suyu və bu qəbildən olan sularla suvararsa, həmin şəxsin qonşu torpaqda quyu suyu ilə suvarılmağa ehtiyacı olmayan (yalnız quyu suyu ilə suvarılan qonşu torpağın rütubətindən istifadə edən və özü quyu suyu ilə suvarılmayan) başqa bir əkini də olarsa, quyu suyu ilə suvarılan əkinin zəkatı iyirmidə bir, onun yanındakı əkinin zəkatı isə, vacib ehtiyata əsasən, onda birdir.
Məsələ 2508. Əgər insan zəkatı vacib olan üzüm, quru xurma, arpa və buğdanın zəkatını verməzdən öncə bu mallardan bir hissəsini məsrəf edərsə, məsələn, özü və ailəsi yeyərsə, yaxud yoxsula zəkat niyyəti olmadan verərsə, məsrəf edilən miqdarın zəkatını da verməlidir.
Məsələ 2509. Əgər insan kal xurmanı (xəlal), yaxud təzə xurmanı (rütəb) quru xurmaya (təmr) çevrilməzdən və ona zəkat şamil olmazdan öncə məsrəf edərsə, məsələn, özü, ailəsi, yaxud qonaqları yeyərsə və ya başqa bir şəxsə hədiyyə edərsə və bu hədiyyəni ona təhvil verərsə, yaxud satarsa, bu miqdara zəkat şamil olmur. Baxmayaraq ki, onun mülkiyyətində qalsaydı, quru xurmaya (təmrə) çevriləcək və nisab həddinə çatacaqdı.
Məsələ 2510. Əgər insan üzümü ona üzüm deyilərkən məsrəf edərsə, məsələn, onu özü, ailə üzvləri, yaxud qonaqları yeyərsə və ya başqa bir şəxsə hədiyyə edərsə və bu hədiyyəni ona təhvil verərsə, yaxud satarsa,başqa bir şəxsə hədiyyə edərsə və bu hədiyyəni ona təhvil verərsə, yaxud satarsa, əgər qalsaydı və kişmiş, yaxud mövüzə çevrilsəydi, nisab həddinə çatardısa (hərçənd qalan miqdarla birlikdə olsa belə), bu halda onun zəkatını verməlidir. Ancaq əgər üzümü yetişməmiş, qora ikən, ona üzüm deyilmədiyi halda məsrəf edərsə, onun zəkatını verməsinə gərək yoxdur.
Məsələ 2511. Əgər insan buğda və arpanı quruma vaxtından öncə məsrəf edərsə, onların quru halda çəkisi nisab miqdarında olduğu təqdirdə (hərçənd qalan miqdarla birlikdə olsa belə) zəkatını verməlidir.
Zəkatlıq məhsul üçün çəkilən xərclərlə əlaqədar hökmlər
Məsələ 2512.Nisab həddinə çatıb-çatmadığının məlum olması üçün zəkatlıq məhsulun mübasibatını apararkən insan buğda, arpa, üzüm və xurma üçün zəkatın onlara şamil olmasından öncə və ya sonra çəkdiyi xərcləri məhsuldan çıxa, sonra nisabı hesablaya bilməz. Buna əsasən, zəkatlıq mal xərclər hesablanmamış nisab miqdarına çatdığı təqdirdə onun zəkatını verməlidir.
Məsələ 2513.İnsan əkində istifadə etdiyi toxumu, istər özündən olsun, istəsə satın alsın, məhsuldan çıxa, sonra nisabı hesablaya bilməz, əksinə nisabı əldə edilən məhsulun ümumi həcmini nəzərə alaraq hesablamalıdır.
Məsələ 2514. Dövlətin vergi ünvanı ilə malın özündən (pul deyil, natura şəklində) aldıqlarının zəkatını vermək vacib deyil. Məsələn, əgər bitkiçilik məhsulu iki min kq olarsa və dövlət onun yüz kq-ı vergi kimi alarsa, yalnız min doqquz yüz kq-ın zəkatının verilməsi vacibdir. Əgər bitkiçilik məhsulu zəkat şamil olduqdan sonra min kq olarsa və dövlət onun dörd yüz kq-nı vergi ünvanı ilə alarsa (beləliklə, qalan miqdar nisab həddindən az olarsa), yenə də məhsulun qalan hissəsinin, yəni altı yüz kq-ın zəkatını vermək lazımdır. Zəkat şamil olduqdan sonra məhsulun nisab həddindən azalması zəkatın qüvvədən düşməsinə səbəb olmur.
Məsələ 2515.İnsan zəkat şamil olmazdan öncə və ya sonra məhsul üçün çəkdiyi xərcləri, vacib ehtiyata əsasən, məhsuldan çıxa və yalnız yerdə qalanının zəkatını verə bilməz. Hətta zəkat şamil olduqdan sonra zəkat miqdarı üçün çəkdiyi xərcləri də hərçənd şəriət hakimindən və ya onun vəkilindən bu xərclər üçün icazə almış olsa belə, vacib ehtiyata əsasən, çıxa bilməz. Ancaq zəkat şamil olduqdan sonra həmin zəkatlıq malı biçməzdən, yaxud dərməzdən öncə müstəhəqqə, yaxud şəriət hakiminə və ya onun vəkilinə müştərək mal şəklində təhvil verə bilər və əgər belə edərsə, bundan sonra onlar xərclərdə şərikdirlər və bu halda məhsulları müştərək mal kimi ödənişsiz olaraq saxlaması vacib deyil, əksinə məhsulların biçin, yaxud quruma dövrünədək onun torpağında qalması üçün ödəniş tələb edə bilər.
Məsələ 2516.İnsanın zəkat üçün verdiyi buğda, arpa üzüm (kişmiş) və xurmanın çəkisini müəyyən etmək üçün edilən ödəniş onun öz üzərinə düşür. Buna əsasən, o, sözügedən ödənişi zəkatdan çıxa bilməz.
Dörd bitkiçilik məhsulunun zəkatı ilə əlaqədar digər hökmlər
Məsələ 2517.Əgər insanın məhsulunun yetişmə fəsli, yaxud dövrü bir-birindən fərqlənən bir neçə yerdə buğda, arpa, xurma, yaxud üzümü vardırsa və onların hamısı ürfən bir ilin məhsulu hesab edilirsə, əvvəl yetişən məhsul nisab həddinə çatdığı təqdirdə onun zəkatını yetişdiyi vaxt verməli, yerdə qalanının zəkatını da əldə edildikləri vaxt verməlidir. Əgər əvvəl yetişən məhsul nisab həddində deyildirsə (hərçənd sonra yetişəcək məhsulla birlikdə nisab həddinə çatacağına arxayın olsa belə), qalanının da yetişməsini gözləməlidir. Beləliklə, əgər sonrakı məhsullarla birlikdə nisab miqdarına çatarsa, onun zəkatı vacibdir, nisab miqdarına çatmadığı təqdirdə isə zəkatı vacib deyil.
Məsələ 2518. Əgər xurma, yaxud üzüm ağacı bir ildə iki dəfə bar verərsə, bu məhsullar birlikdə nisab miqdarına çatırsa, lakin ayrı-ayrılıqda heç biri nisab miqdarına çatmırsa, ehtiyata əsasən, zəkatı vacibdir.
Məsələ 2519. Əgər buğda, arpa, xurma və üzümün zəkatı vacib olduqdan sonra onun sahibi vəfat edərsə, zəkatlıq məhsulun zəkatı verilməlidir. Lakin əgər zəkatlıq mallara zəkat şamil olmazdan öncə vəfat edərsə, sözügedən mal onun varislərinə qalarsa və mala onların mülkiyyətində zəkat şamil olarsa, miras payı nisab həddində olan varislərdən hər biri öz payının zəkatını verməlidir.
Məsələ 2520.Şərən borclu olan,hər hansı bir malı da olan və məhz həmin malına zəkat şamil olan bir şəxs həmin mal mövcud ikən vəfat edərsə, zəkatı bütövlüklə zəkatı vacib olmuş maldan verməli, sonra onun borcunu qaytarmalıdırlar və bu halda hərçənd onun borcu bütün mirası həcmində olsa belə, zəkat payından heç bir şey azaldılmamalıdır. Lakin əgər zəkat onun zimmətində vacib olarsa, digər borclar kimidir. Buna əsasən:
a) Zimmətində borclu olduğu zəkat borcu və digər borclarının cəmi onun bütün mirasına bərabər, yaxud ondan az olduğu təqdirdə zəkat borcu və digər borcları bütünlüklə verilməlidir.
b) Zimmətində borclu olduğu zəkat borcu və digər borclarının cəmi onun bütün mirasın çox olduğu təqdirdə mirasını zəkat müstəhəqləri və digər alacaqlılar arasında müvafiq nisbətdə bölüşdürmək lazımdır. Buna əsasən, alacaqlıların payı nə qədər azalarsa, zəkat payı da o nisbətdə azalır.
Məsələ 2521.Şərən borclu olan və buğda, arpa, xurma, yaxud üzümlərinə hələ zəkat şamil olmadığı halda vəfat edən şəxs:
a) Sözügedən bitkiçilik məhsullarına zəkat şamil olmazdan öncə varislər onun borcunu onun başqa bir malından verdikləri və bundan sonra varislərin mülkiyyətində sözügedən məhsullara zəkat şamil olduğu təqdirdə varislərdən hansının payı nisab həddinə çatarsa, zəkat verməlidir.
b) Əgər sözügedən məhsullara zəkat şamil olmazdan öncə onun borcunu qaytarmazlarsa, vəfat edən şəxsin malı bütövlükdə onun borcu qədər olduğu təqdirdə varislərin zəkatı verməsi vacib deyil. Əgər vəfat edənin malı onun borcundan çox olarsa, onun borcu varislər onu qaytarmaq istədikdə sözügedən məhsulların da bir hissəsini alacaqlıya verməli olacaqları qədər olduğu halda həmin məhsulların bir miqdarını da alacaqlıya verməlidirlər. Alacaqlıya verilənin zəkatı yoxdur, malın yerdə qalanına gəlincə isə, varislərdən hansının payı nisab həddindədirsə və zəkatın şamil olmasının digər şərtlərinə də cavab verirsə, öz payının zəkatını verməlidir.
Məsələ 2522.Əgər zəkatı vacib olan buğda, arpa, xurma və üzümün (kişmişin) keyfiyyətcə yaxşısı və pisi (tələb görən və görməyən sortları) vardırsa, vacib ehtiyata əsasən, insan yaxşı sortun zəkatını pis sortdan verməməlidir. Lakin bütün məhsulun zəkatını yaxşı sortdan verməsi vacib deyil, hər bir qismin zəkatını onun özündən verə bilər.
Məsələ 2523.Bitkiçilik məhsullarının zəkatını onun özündən (natura şəklində) vermək vacib deyil. Onun qiymətinə bərabər məbləği tədavüldə olan nağdla (məsələn, kağız pullarla) vermək də kafidir. Lakin başqa mallardan onun qiymətinə bərabər olan bir şeyin verilməsi məhəll-i işkaldır (ehtiyat bu üsulla zəkat verməməyi tələb edir).
Məsələ 2524. Əgər insana quru xurma, yaxud kişmişin zəkatını vermək vacib olarsa, onun zəkatını təzə xurma, yaxud üzümlə verə bilməz. Hətta əgər zəkatın miqdarının qiymətini hesablayarsa və həmin qiymətə bərabər dəyərdə təzə xurma, yaxud üzümü və ya başqa kişmiş, yaxud quru xurmanı qiymət ünvanı ilə vermək istəyərsə, ehtiyat bundan çəkinməyi tələb edir. Həmçinin, əgər üzümün zəkatı ona vacib olarsa, onun zəkatını kişmişlə verə bilməz. Yalnız həmin kişmişin məhz zəkat şamil olan həmin üzümdən əmələ gəlməsi istisnadır.
Məsələ 2525. Zəkatı verilmiş buğda, arpa, xurma və üzüm (kişmiş) illərlə insanın əlində qalsa belə, zəkatı yoxdur.
Məsələ 2526.Əgər buğda, arpa, xurma və üzümün (kişmişin) sahibi həddi-büluğa çatmayan uşaq, yaxud dəli şəxs olarsa, zəkatın sabit olmasının digər şərtlərinin hamısı mövcud olduğu halda həmin mallara zəkat şamil olur və həddi-büluğa çatmayan uşağın, yaxud dəlinin şəri qəyyumunun sözügedən zəkatı onun malından verməsi vacibdir. Həmçinin, əgər deyilən bitkiçilik məhsullarının sahibi bütün il boyu, yaxud onun bir hissəsi ərzində sərxoş, yaxud huşsuz olarsa, zəkat onun öhdəsindən götürülmür.
Məsələ 2527.Buğda, arpa, xurma və üzümə (kişmişə) zəkatın sabit olması üçün sahibinin sözügedən məhsullar üzərində təsərrüf(6) imkanının olması şərt sayılmır. Buna əsasən, əgər məhsullara zəkat şamil olarkən hər hansı bir əngəllə əlaqədar olaraq sahibi şəxsən, yaxud vəkil etdiyi şəxs vasitəsi ilə onu təsərrüf edə bilmirsə, onun məhsullarına zəkat şamil olur və gələcəkdə onlara əli çatdığı təqdirdə zəkatını verməlidir. Məsələn, qəsb edilən, zalım tərəfindən müsadirə edilən, oğurlanan, yaxud itən və sahibinin harada olduğunu bilmədiyi, əldə etmək imkanı olmayan və ya hər hansı bir yerdə basdırılan və sahibinin yerini unutduğu mal bu qəbildəndir.
Məsələ 2528. Qeyd edildiyi kimi buğda, arpa, xurma, yaxud üzümə (kişmişə) zəkatın şamil olması üçün sözügedən bitkiçilik məhsulunun bir yerdə olması şərt deyil. Buna əsasən, əgər bir şəxsin hər hansı bir şəhər, yaxud kənddə məhsulu nisab miqdarında olmayan tarlası, yaxud xurma və ya üzüm ağacları vardırsa və həmin şəxsin başqa bir şəhər, yaxud kənddə də məhsulu nisab miqdarında olmayan həmin növ əkin sahəsi, yaxud ağacları vardırsa, lakin iki yerin məhsulu birlikdə nisab həddinə çatırsa, hər iki məhsul ürfən bir ilin məhsulu hesab edildiyi halda bütün məhsulun zəkatının verilməsi vacibdir.
Qızıl və gümüşün zəkatı
Məsələ 2529.Qızıl və gümüşü olan şəxslər daha öncə sadalanan ümumi şərtlərə və qarşıda sadalanacaq xüsusi şərtlərə cavab verdiyi təqdirdə öz qızıl və gümüşünün zəkatını verməlidir.
Qızıl və gümüşə zəkatın şamil olmasının xüsusi şərtləri
1-ci və 2-ci şərtlər: Qızıl və gümüşün sahibi həddi-büluğa çatmış və həmçinin, bütün il boyunca aqil şəxs olmalıdır
Məsələ 2530.Qızıl və gümüşün sahibi həddi-büluğa çatmamış uşaq, yaxud dəli şəxs(7) olduğu təqdirdə sözügedən qızıl, yaxud gümüşə zəkat şamil olmur və insan həddi-büluğa çatdığı vaxt zəkatın sabit olmasının digər şərtlərinin də hamısı mövcud olduğu halda zəkat ili həmin tarixdən başlayır.
Məsələ 2531.Əgər qızıl və gümüşün sahibi bütün il boyu, yaxud onun bir hissəsi ərzində məst, yaxud huşsuz olarsa, zəkat onun üzərindən götürülmür.
3-cü şərt: Qızıl, yaxud gümüş müəyyən nisab həddinə çatmalıdır
Məsələ 2532.Qızılın iki nisabı vardır:
a) Birinci nisab:hər misqalı 18 noxuda bərabər olan iyirmi şəri misqaldır. Beləliklə, qızıl iyirmi şəri misqala çatarsa (deyilənlərə əsasən, bu, on beş bazar misqalına bərabərdir), zəkatın şamil olmasının digər şərtlərinə də cavab verdiyi təqdirdə insan onun doqquz noxuda bərabər olan qırxda birini (2.5%-ni) zəkat ünvanı ilə verməlidir və əgər bu miqdara çatmazsa, zəkatı vacib deyil.
b) İkinci nisab:Dörd şəri misqaldır ki, bu da deyilənlərə əsasən, üç bazar misqalına bərabər olur. Yəni əgər əvvəlki on beş bazar misqalı üç bazar misqalı miqdarında artarsa, bütün on səkkiz misqalın zəkatını qırxda bir nisbətində verməlidir. Əgər üç misqaldan az artarsa, qızılın yalnız on beş misqalının zəkatını verməlidir və bundan artığına zəkat düşmür. Həmçinin, hər artım da bu cürdür.Yəni əgər üç bazar misqalı qədər artarsa, bütün qızılın zəkatını verməlidir və əgər üç misqaldan az artarsa, artan miqdara zəkat düşmür.
Məsələ 2533.Gümüşün iki nisabı vardır:
a) Birinci nisab:iki yüz dirhəm - deyilənlərə əsasən, 105 bazar misqalına bərabərdir. Əgər gümüş 105 bazar misqalına çatarsa və digər şərtlərə də cavab verərsə, insan onun 2 misqal və 15 noxuda bərabər olan qırxda birini (2.5%-ni) zəkat kimi verməlidir və əgər bu miqdara çatmazsa, zəkatı vacib deyil.
b) İkinci nisab:qırx dirhəm - deyilənlərə əsasən, 21 bazar misqalına bərabərdir. Yəni əgər 105 bazar misqalının üstünə 21 bazar misqalı gələrsə, bütün 126 bazar misqalının zəkatını qırxda biri miqdarında verməlidir. Əgər 21 bazar misqalından az artarsa, yalnız 105 misqalının zəkatını verməlidir, bundan artığına isə zəkat düşmür. Həmçinin, hər artım da belədir. Yəni əgər 21 bazar misqalı qədər artarsa, bütün gümüşün zəkatını verməli, bundan az artarsa, artan və 21 misqaldan az olan miqdara zəkat düşmür.
Məsələ 2534. Əgər insan qızıl, yaxud gümüşün nisab həddinə çatıb-çatmadığına şəkk edərsə, vacib ehtiyata əsasən, bunu araşdırmalıdır.
Məsələ 2535. Qızıl, yaxud gümüşü nisab ölçüsündə olan şəxs (hərçənd onun zəkatını versə belə) birinci nisabdan az olmadıqca və zəkatın vacib olmasının digər bütün şərtlərinə də cavab verdikcə hər il onun zəkatını verməlidir.
4-cü şərt: Qızıl, yaxud gümüş sikkəli olmalı və tədavüldə olmalı, müamilələrdə ondan istifadə edilməlidir(8)
Məsələ 2536.Əgər müamilədə sikkəli qızıl və gümüşdən istifadə edilərsə, hərçənd sikkənin təsviri itsə belə, onun zəkatını vermək lazımdır. Lakin əgər tədavüldən çıxarılmışdırsa, hərçənd sikkənin təsviri qalsa belə, ona zəkat düşmür.
Məsələ 2537. Qadınların zinət üçün istifadə etdikləri qızıl və gümüş onlarla müamilə (alqı-satqı və s.) etmək adəti qaldığı, yəni həmin qızıl və gümüş müamilələrdə pul kimi istifadə edildiyi halda, ehtiyata əsasən, zəkatı vacibdir. Lakin əgər bir qayda olaraq onunla müamilə edilmirsə, zəkatı vacib deyil. Həmçinin, sikkəsiz qızıl və gümüş zinət əşyalarına zəkat düşmür.
Məsələ 2538.Qızıl və gümüşün müamilələrdə pul kimi istifadə edilmədiyi müasir dövrdə əskinaslara, kağız pullara, yaxud qızıl və gümüşdən başqa bir metaldan, məsələn, nikeldən hazırlanan metal pullara qızıl və gümüşlə bağlı hökm şamil olmur.
Məsələ 2539.Qızıl və gümüşün nisabı ayrı-ayrılıqda hesablanır. Buna əsasən, həm qızılı, həm də gümüşü olan şəxs əgər onlardan heç biri birinci nisab həddində olmazsa, məsələn, 104 bazar misqalı gümüşü və 14 bazar misqalı qızılı olarsa, hərçənd ikisi birlikdə nisab həddinə çatsa belə, ona zəkat vacib deyil.
5-ci şərt: İnsan bir zəkat ili ərzində (digər ümumi və xüsusi şərtlər mövcud olduğu halda) qızıl, yaxud gümüşün sahibi olmalıdır
Məsələ 2540.Əgər qızıl və gümüş on bir ay ərzində insanın mülkiyyətindən çıxarsa, yaxud qızıl və gümüşün birinci nisablarından azalarsa, zəkat ona vacib deyil. Ancaq əgər on birinci ay tamam olduqdan və on ikinci aya keçdikdən sonra şərtlərdən bəziləri mövcudluğunu itirərsə, zəkat sözügedən qızıl, yaxud gümüşə şamil olur.
Məsələ 2541.Əgər insan on bir ay ərzində sahib olduğu qızıl və gümüşü başqa bir şeylə dəyişərsə, yaxud onları əridərsə, zəkat ona vacib deyil. Lakin əgər zəkatdan qaçmaq üçün onları başqa sikkəli qızıl və gümüşlə dəyişərsə, yəni sikkəli qızılı sikkəli qızıl, yaxud gümüşlə dəyişərsə və ya sikkəli gümüşü sikkəli gümüş, yaxud qızılla dəyişərsə və on birinci ayın sonunadək zəkatın şamil olmasının digər şərtləri də yerində qalarsa, vacib ehtiyata əsasən, zəkatını verməlidir.
Məsələ 2542. Əgər insan on ikinci ayda zəkatın şamil olduğu qızıl və gümüşü əridərsə, onların zəkatını verməlidir və əritmə səbəbi ilə onların çəkisi, yaxud qiyməti azaldığı təqdirdə əritməzdən öncə ona vacib olan zəkatı verməlidir.
Məsələ 2543. Zəkatın şamil olduğu qızıl və gümü sikkəsində normadan artıq başqa metal olduğu təqdirdə əgər ona qızıl və gümüş sikkə deyilirsə, nisab həddinə çatdığı halda hərçənd xalisi nisab həddinə çatmasa belə, zəkatı vacibdir. Lakin əgər ona qızıl, yaxud gümüş sikkə deyilmirsə, hərçənd xalisi nisab həddinə çatsa belə, zəkatı vacib deyil.
Məsələ 2544.Əgər qızıl və gümüş sikkədə normal miqdarda başqa metal qarışığı olarsa, bu halda əgər insan onun zəkatını tərkibində normadan artıq başqa metal olan qızıl və gümüş sikkə ilə, yaxud qızıl və gümüşdən olmayan pulla verərsə, lakin verdiyinin qiyməti ona vacib olan zəkatın qiymətinə bərabər olarsa, iradı yoxdur.
6-cı şərt: Qızıl və gümüşün sahibi ürfən sözügedən mallar üzərində təsərrüf imkanına sahib olmalıdır
Məsələ 2545.Əgər sikkəli qızıl, yaxud gümüşün sahibi hər hansı bir əngəlin mövcudluğu, yaxud başqa bir amillə əlaqədar olaraq nəzərəçarpan müddət ərzində öz malı üzərində təsərrüf imkanına sahib olmazsa, məsələn, malı oğurlanarsa, yaxud qəsb edilərsə və ya itərsə, həmin mala zəkat düşmür.
Qızıl və gümüşün zəkatının verilmə vaxtı
Məsələ 2546. İnsan qızıl və gümüşün zəkatını on birinci ay tamam olduqdan sonra yoxsula verməli, yaxud öz malından ayırmalıdır və zəkatının verilməsinin təxirə salınması ilə əlaqədar hökm 2634-cü məsələdə izah ediləcəkdir.
Dəvə, inək və qoyunun zəkatı
Məsələ 2547.Dəvə, inək, yaxud qoyunu olan şəxslər daha öncə sadalanan ümumi şərtlərə və qarşıda sadalanacaq xüsusi şərtlərə cavab verdiyi təqdirdə öz dəvə, inək və qoyunlarının zəkatını verməlidirlər.
Dəvə, inək və qoyuna zəkatın şamil olmasının xüsusi şərtləri
1-ci şərt: Sözügedən malların sahibi onların üzərində ürfən təsərrüf imkanına sahib olmalıdır
Məsələ 2548. Əgər dəvə, inək, yaxud qoyunun sahibi hər hansı bir amillə əlaqədar olaraq nəzərəçarpan müddət ərzində malı üzərində təsərrüf imkanına sahib olmazsa, məsələn, malı oğurlanmışdırsa, yaxud qəsb edilmişdirsə, yaxud itmişdirsə, həmin mal üçün zəkat yoxdur.
2-ci şərt: Sözügedən heyvanlar il boyu səhra, çöllük və bu kimi ərazilərdə yerləşən təbii otlaqlarda otlamalıdır(9)
Məsələ 2549. İl boyu təbii otlaqlardan istifadə edən dəvə, inək və qoyunların zəkatı vacibdir və heyvanın qidalandığı ot və bitkinin sahibsiz, yaxud sahibli olmasının, quru, yaxud təzə olmasının fərqi yoxdur. Buna əsasən, əgər insanın yabanı ot və bitkiləri olan bir torpaq sahəsi vardırsa və qoyunları il boyu orada otlayırsa, digər bütün şərtlərə cavab verdiyi təqdirdə onların zəkatını verməlidir.
Məsələ 2550. Əgər dəvə, inək, yaxud qoyun il boyu, yaxud ilin bir hissəsi ərzində biçilmiş otla, yaxud əkin məhsulları ilə qidalanarsa, ona zəkat düşmür və otun, yaxud yem bitkisinin heyvanların sahibinin, yaxud başqa bir şəxsin malı olması, qəsb edilmiş, yaxud mübah olması, həmçinin, heyvanın otlamasının sahibinin istəyi ilə, yaxud məcburiyyətdən olması arasında fərq yoxdur.
Məsələ 2551. Əgər dəvə, inək, yaxud qoyun bütün il ərzində az miqdarda biçilmiş ot yeyərsə, yaxud az miqdarda əkin sahəsində becərilən bitki ilə qidalanarsa, belə ki, ürfən “il boyunca çöl və bu kimi ərazilərdə otlamışdır, yaxud otlayır” deyilərsə, onun zəkatının verilməsi vacibdir və sözügedən məsələdə meyar ürfdür.
Məsələ 2552. Əgər insan öz dəvəsi, inəyi və qoyunu üçün hər hansı bir şəxs tərəfindən əkilməyən bir otlaq satın alarsa, yaxud icarəyə götürərsə, ehtiyata əsasən, onların zəkatını verməsi vacibdir.(10)
3-cü şərt: İnsan bir zəkat ili boyunca (digər ümumi və xüsusi şərtlərin də mövcud olması ilə) sözügedən heyvanlara sahib olmalıdır
Məsələ 2553. Əgər on bir ay ərzində sözügedən dördayaqlı heyvanlar insanın mülkiyyətindən çıxarsa, məsələn, onları satarsa, yaxud onların sayı həmin heyvanın birinci nisabından azalarsa, zəkat ona vacib deyil. Ancaq on birinci ay başa çatdıqdan və on ikinci ay başladıqdan sonra bəzi şərtlərin mövcudluğunu itirməsinin təsiri yoxdur, sözügedən heyvanlara zəkat şamil olmuşdur və verilməsi vacibdir.
Məsələ 2554. Əgər insan on birinci ay başa çatmamış sahib olduğu inək, qoyun və dəvəni öz cinsindən olan, yaxud öz cinsindən olmayan başqa bir heyvanla dəyişərsə və bu iş zəkatdan qaçmaq məqsədi ilə görülməzsə, bu halda zəkat ona vacib deyil. Ancaq əgər bu dəyişmə zəkatdan qaçmaq məqsədi ilə həyata keçirilərsə, məsələn, zəkatdan qaçmaq üçün qırx qoyun verib başqa qırx qoyun alarsa, hər iki sürünün eyni növ mənfəəti olduğu, məsələn, verilən və alınan qoyunların hər ikisi sağmal olduğu və zəkatın şamil olmasının digər şərtləri də on birinci ayın sonunadək yerində qaldığı halda, lazım ehtiyata əsasən, onların zəkatını verməlidir.
4-cü şərt: Sözügedən heyvanların sayı nisab həddinə çatmalıdır
Məsələ 2555. Dəvənin on iki nisabı vardır:
1) Beş baş dəvə - zəkatı bir baş qoyundur və dəvələrin sayı bu miqdara çatmayınca zəkat düşmür.
2) On baş dəvə - zəkatı iki baş qoyundur.
3) On beş baş dəvə - zəkatı üç baş qoyundur.
4) İyirmi baş dəvə - zəkatı dörd baş qoyundur.
5) İyirmi beş baş dəvə - zəkatı beş baş qoyundur.
6) İyirmi altı baş dəvə - zəkatı iki yaşına daxil olan bir baş dəvədir.
7) Otuz altı baş dəvə - zəkatı üç yaşına daxil olan bir baş dəvədir.
8) Qırx altı baş dəvə - zəkatı dörd yaşına daxil olan bir baş dəvədir.
9) Altmış bir baş dəvə - zəkatı beş yaşına daxil olan bir baş dəvədir.
10) Yetmiş altı baş dəvə - zəkatı üç yaşına daxil olan iki baş dəvədir.
11) Doxsan bir baş dəvə - zəkatı dörd yaşına daxil olan iki baş dəvədir.
12) Yüz iyirmi bir baş və daha artıq sayda dəvə - hər qırx dəvə üçün üç yaşına daxil olan bir dəvə, yaxud hər əlli dəvə üçün dörd yaşına daxil olan bir dəvə vermək və ya həm qırx, həm də əlli ilə hesablamaq lazımdır. Bəzi hallarda isə, məsələn, dəvələrin sayı iki yüz baş olduqda insan qırx-qırx, yaxud əlli-əlli hesablamaqda ixtiyar sahibidir. Lakin istənilən halda elə hesablamalıdır ki, heç nə artıq qalmasın, yaxud əgər qalsa belə, doqquz baş dəvədən artıq olmasın. Məsələn, əgər 140 baş dəvəsi vardırsa, yüz baş dəvə üçün dörd yaşına daxil olmuş iki baş dəvə, qırx baş dəvə üçün isə üç yaşına daxil olmuş bir baş dəvə verməlidir.
Məsələ 2556. İki nisab arasındakı saya zəkat düşmür. Beləliklə, əgər insanın sahib olduğu dəvələrin sayı birinci nisabı (beş baş) keçərsə, ikinci nisaba (on baş) çatmayınca onlardan yalnız beş baş dəvənin zəkatını verməlidir və sonrakı nisablarda da hökm belədir.
Məsələ 2557. İnəyin iki nisabı vardır:
Birinci nisab: Otuz baş inək – zəkatı iki yaşına daxil olmuş bir buzovdur. Ehtiyat vacibə əsasən, həmin buzov erkək olmalıdır. İnəklərin sayı otuza çatmayınca zəkat vacib deyil.
İkinci nisab: Qırx baş inək – zəkatı üç yaşına daxil olmuş bir baş dişi buzovdur. Otuz-qırx arası zəkat vacib deyil. Məsələn, otuz doqquz inəyi olan şəxs yalnız otuz inəyin zəkatını verməlidir.
Həmçinin, əgər inəklərin sayı qırx başdan artıq olarsa, altmışa çatmayınca yalnız qırx baş inəyin zəkatını verməli, altmışa çatdıqdan sonra isə birinci nisabın iki mislinə bərabər olduğuna görə iki yaşına daxil olmuş iki baş buzov verməlidir. Habelə, inəklərin sayı nə qədər artarsa, ya otuz, ya qırx baş əsasında, ya da hər iki üsulla hesablamalı və onların zəkatını deyilən qaydada verməlidir. Lakin elə hesablamalıdır ki, heç nə artıq qalmasın, yaxud artıq qalsa belə, doqquz başdan çox olmasın. Məsələn, əgər yetmiş inəyi vardırsa, həm otuz, həm də qırx baş əsasında hesablamalıdır. Çünki əgər yalnız otuz baş əsasında hesablayarsa, zəkatı verilməmiş on baş inək qalır. Bəzi hallarda, məsələn, 120 baş inəyi olduqda isə ixtiyar sahibidir (həm otuz baş, həm də qırx baş əsasında hesablaya bilər).
Məsələ 2558. Qoyunun beş nisabı vardır:
1) Qırx baş qoyun – zəkatı bir baş qoyundur və qoyunların sayı qırx başa çatmayınca zəkat düşmür.
2) Yüz iyirmi bir baş qoyun – zəkatı iki baş qoyundur.
3) İki yüz bir baş qoyun – zəkatı üç baş qoyundur.
4) Üç yüz bir baş qoyun – zəkatı dörd baş qoyundur.
5) Dörd yüz baş və daha artıq sayda qoyun – hər yüz baş üçün bir baş qoyun vermək lazımdır.
Məsələ 2559. İki nisab arasındakı saya zəkat düşmür. Beləliklə, əgər bir şəxsin qoyunlarının sayı birinci nisabdan (qırx baş) artıq olarsa, ikinci nisaba (yüz iyirmi bir baş) çatmayınca yalnız qırx baş qoyunun zəkatını verməlidir, ondan artığına isə zəkat düşmür və sonrakı nisablarda da hökm belədir.
Məsələ 2560. Heyvanların zəkatının vacib olması üçün dəvənin zəkatı xüsusunda ərəbdilli ölkələrdə yayılmış dəvələrvə digər ölkələrdəki dəvələr, inəyin zəkatı xüsusunda inək, öküz və kəl, qoyunun zəkatı xüsusunda isə qoyun, keçi, yaşlı və bir yaşlı qoyun eyni cins hesab edilir və bu heyvanların erkək və dişi olmasının da fərqi yoxdur.
Məsələ 2561.Əgər bir neçə nəfərin şərikli dəvələri, inəkləri, yaxud qoyunları olarsa, onlardan hansının pay hissəsi həmin heyvanla bağlı birinci nisaba çatarsa, zəkat verməlidir, pay hissəsi birinci nisabdan az olan şəxsə isə zəkat vacib deyil.
Məsələ 2562. Əgər bir nəfərin bir neçə yerdə inək, dəvə, yaxud qoyunu olarsa və onların sayı üst-üstə gəldikdə nisab miqdarında olarsa, onların zəkatını verməlidir.
Məsələ 2563. Zəkat ünvanı ilə verilən dəvə dişi olmalıdır. Lakin əgər altıncı nisabda insanın dəvələri arasında iki yaşlı dişi dəvə olmazsa, üç yaşlı dişi dəvə verməsi kifayətdir və əgər o da olmazsa, ikisindən birini satın ala bilər.
Məsələ 2564. Dəvələrin, yaxud qoyunların zəkatı kimi verilən qoyun, vacib ehtiyata əsasən, minimum iki yaşına daxil olmalıdır. Onların zəkatı kimi verilən keçi isə, vacib ehtiyata əsasən, üç yaşına daxil olmalıdır.
Məsələ 2565. İnsanın zəkat üçün verdiyi qoyunun qiyməti onun digər qoyunlarının qiymətindən bir qədər aşağı olarsa, ehtiyata lüzum yoxdur. Lakin daha yaxşı olar ki, qiyməti bütün qoyunlarının qiymətindən daha yüksək olan qoyunu versin. İnək və dəvə ilə bağlı hökm də bu cürdür.
Məsələ 2566.Əgər insanın xəstə və eybli inək, qoyun, yaxud dəvələri olarsa, bu zəkatın qüvvədən düşməsinə səbəb olmur və onların zəkatını verməlidir.
Məsələ 2567.Əgər insan hamısı xəstə, eybli, yaxud yaşlı olan inək, qoyun, yaxud dəvələrə sahib olarsa, zəkatı onların özündən verə bilər. Lakin əgər hamısı sağlam, eybsiz və cavan olarsa, onların zəkatını xəstə, eybli, yaxud yaşlı heyvanla verə bilməz. Hətta əgər onlardan bəziləri sağlam, bəziləri isə xəstə, bir qismi eybli, digər bir qismi isə eybsiz, bir qədəri qoca, bir qədəri isə cavan olarsa, vacib ehtiyata əsasən, onların zəkatı üçün sağlam, eybiz və cavan heyvan verməlidir.
Məsələ 2568. İnsanın nisab həddinə çatmış dəvələrin zəkatını nisaba daxil olan dəvələrdən verməsinə gərək yoxdur, başqa bir dəvə versə də, kafidir və bu hökm inək və qoyuna da şamildir. Buna əsasən, heyvan sahibi zəkatı nisabdan və başqa heyvanlardan verməkdə ixtiyar sahibidir. Hətta zəkat kimi verməli olduğu dəvə, inək, yaxud qoyunun qiymətinə bərabər məbləğdə pul da verə bilər. Hərçənd zəkatı onun şamil olduğu nisaba daxil olan heyvanların özündən vermək daha yaxşı və müstəhəb ehtiyata müvafiqdir. Pul istisna olmaqla digər malların verilməsi isə, vacib ehtiyata əsasən, kafi deyil.
Məsələ 2569. İnək, qoyun və dəvənin zəkatını verməli olan şəxs onların sayı birinci nisab miqdarından aşağı düşməyincə hər il zəkat verməlidir. Buna əsasən, onların zəkatını başqa bir malından verdiyi təqdirdə onların sayı nisabdan azalmadıqca və zəkatın sabit olmasının digər bütün şərtlərinə də cavab verdikcə hər il zəkatı verməlidir. Əgər həmin heyvanların özündən verərsə və onların sayı nisabdan aşağı düşərsə, zəkat ona vacib deyil. Məsələn, qırx qoyunu olan şəxs əgər onların zəkatını başqa bir malından verərsə, qoyunlarının sayı qırxdan aşağı düşmədikcə hər il bir qoyun verməlidir və əgər onların özündən verərsə, qırxa çatmayınca zəkat ona vacib deyil.
Dəvə, inək və qoyunun zəkatı ilə əlaqədar digər hökmlər
Məsələ 2570.İnsan dəvə, inək və qoyunun zəkatını on birinci ay başa çatdıqdan sonra yoxsula verməli, yaxud öz malından ayırmalıdır və zəkatın verilməsinin təxirə salınması ilə bağlı hökm 2634-cü məsələdə izah ediləcəkdir.
Məsələ 2571. Dəvə, inək və qoyunun sahibi həddi-büluğa çatmamış uşaq, yaxud dəli şəxs olarsa, zəkatın sabit olmasının digər şərtlərinə də cavab verdikdə bu mallara zəkat şamil olur və həddi-büluğa çatmamış uşağın, yaxud dəli şəxsin şəri qəyyumuna vacibdir ki, zəkatı onun malından versin. Həmçinin, əgər həmin heyvanların sahibi bütün il boyu, yaxud onun bir hissəsi ərzində məst, yaxud huşsuz olarsa, zəkat onun üzərindən götürülmür.
Məsələ 2572. Məşhura (fəqihlərin əksəriyyətinin rəyinə) görə, dəvə, inək və qoyuna zəkatın şamil olmasında sözügedən heyvanların işsiz olması, yəni suvarma, şumlama və bu kimi işlərdə istifadə edilməyən dördayaqlı heyvanlardan olması şərtdir. Ancaq bu hökm məhəll-i işkaldır və vacib ehtiyata əsasən, suvarma, şumlama, taxıl döymə, məhsulun daşınması və bu kimi işlərdə istifadə edilən və işsiz hesab edilməyən həmin dördayaqlılara zəkat şamil olur. Lakin əgər ürfən sözügedən dördayaqlılar işsiz hesab edilərsə, onların zəkatının verilməsi fətvaya əsasən vacibdir.
Məsələ 2573.Dəvə, inək, yaxud qoyuna zəkatın şamil olması üçün bu dördayaqlıların bir yerdə olması şərt deyil. Buna əsasən, əgər bir şəxsin bir neçə kəndə yayılmış qoyunları olarsa və onlardan hər birində olan qoyunlar ayrı-ayrılıqda nisab həddinə çatmırsa, ancaq bir neçə yerdə olan qoyunların ümumi sayı nisab həddinə çatırsa, zəkatın şamil olmasının digər şərtlərinə də cavab verdiyi təqdirdə insanın onların hamısının zəkatını verməsi vacibdir.
Sərmayənin zəkatı
Məsələ 2574.Sərmayəsi olan və onunla qazanc əldə etmək, ticarətlə məşğul olmaq məqsədi olan şəxslər daha öncə sadalanan ümumi şərtlərə və qarşıda sadalanacaq xüsusi şərtlərə cavab verdiyi təqdirdə, vacib ehtiyata əsasən, öz sərmayələrinin zəkatını verməlidirlər. Bu zəkatın miqdarı qırxda birdir (2.5%-dir).
Sərmayəyə zəkatın şamil olmasının xüsusi şərtləri
1-ci və 2-ci şərtlər: Sərmayə sahibi həddi-büluğa çatmış və həmçinin, il boyu aqil insan olmalıdır
Məsələ 2575.Sərmayənin sahibi həddi-büluğa çatmamış uşaq, yaxud dəli(11) insan olarsa, ona zəkat şamil olmur və insan həddi-büluğa çatdıqda, yaxud aqil olduqda zəkatın sabit olmasının digər şərtlərinə də cavab verdiyi təqdirdə həmin vaxtdan etibarən zəkat ili başlayır.
3-cü şərt: İnsan sərmayəyə “müavizi əqd” (mübadilə) yolu ilə sahib olmalıdır
Məsələ 2576.Sərmayədə zəkatın sabit olması insanın sərmayəsinə müavizə (mübadilə) yolu ilə, məsələn, satın alma, yaxud müavizi (əvəzetmə, mübadilə əsaslı) müsalihə və bu kimi yollarla sahib olması şərtinə bağlıdır və bu hökm (zəkat) insana bağışlanılan, miras qalan, yaxud qarşılıqsız və əvəzsiz müsalihə edilən və bu kimi sərmayələrə şamil olmur.
4-cü şərt: Sərmayə nisab həddinə çatmalıdır
Məsələ 2577. Sərmayənin nisabı eynilə 2532 və 2533-cü məsələlərdə izah edilən qızıl və gümüşün nisabı kimidir.
5-ci şərt: Həmin malın üzərindən bir zəkat ili keçməlidir
Məsələ 2578. Sərmayəyə zəkatın şamil olmasında həmin malın üzərindən insanın ticarət və mənfəət əldə etmək niyyəti olduğu vaxtdan etibarən bir zəkat ilinin keçməsi şərtdir və 2479-cu məsələdə qeyd edildiyi kimi sərmayə xüsusunda zəkat ili deyərkən on iki bütöv qəməri ayının keçməsi nəzərdə tutulur.
6-cı şərt: Bütün il boyu sərmayə ilə ticarət məqsədi qalmalıdır
Məsələ 2579. Əgər il ərzində insan bu məqsəddən əl çəkərsə və məsələn, sərmayəni məunəyə (yaşayış ehtiyaclarına) sərf etmək qərarına gələrsə, zəkat vacib deyil.
7-ci şərt: Sərmayə bütün il ərzində əsl qiymətinə(12), yaxud daha yüksək qiymətə satıla bilməlidir
Məsələ 2580.Əgər sərmayə ilin hər hansı bir dövründə sərmayənin əsl qiymətinə bərabər məbləğə satıla bilməzsə və alıcısı olmazsa, insanın sərmayənin zəkatını verməsi vacib deyil. Məsələn, əgər insanın sərmayəsinin dəyəri yüz milyon riyal olarsa, lakin il ərzində dəyəri azalarsa və doxsan milyon riyaldan artıq qiymətə satıla bilməzsə, onun üçün zəkat yoxdur.
8-ci şərt: Sahibi sərmayə üzərində ürfən təsərrüf imkanına sahib olmalıdır
Məsələ 2581. Əgər sərmayənin sahibi nəzərəçarpan müddət ərzində ürfən öz malı üzərində təsərrüf imkanına sahib olmazsa, məsələn, malı oğurlanarsa, qəsb edilərsə, yaxud itərsə, həmin mala zəkat düşmür.
Zəkat verməyin müstəhəb olduğu hallar
Məsələ 2582.Peymanə ilə və ya çəkilərək satılmasından asılı olmayaraq noxud, mərci, maş, lobya, düyü, qarğıdalı, darı, küncüt və s. torpaqda bitən dənli bitkilərin(13) zəkatını vermək müstəhəbdir. Lakin kəvər, cəfəri, ispanaq, keşniş, nanə və reyhan kimi göyərtilərin, həmçinin, qovun, xiyar və bu kimi meyvə və tərəvəzlərin zəkatının verilməsi müstəhəb deyil.
Məsələ 2583. Əgər həddi-büluğa çatmamış uşağın, yaxud dəli insanın şəri qəyyumu həddi-büluğa çatmamış uşağın, yaxud dəli şəxsin malları ilə onlar üçün ticarətlə məşğul olarsa, müstəhəbdir ki, zəkatın şamil olmasının şərtlərinə cavab verdiyi təqdirdə onların sərmayəsinin zəkatını onların malından versin.
Zəkatın məsrəf yerləri
Məsələ 2584.Zəkat səkkiz yerə sərf edilir:
1 və 2) Fəqirlər və miskinlər
Məsələ 2585.Fəqir (yoxsul) və miskin anlayışlarının tərifi və zəkat almaq haqqına sahib olmaq xüsusunda onlarla bağlı hökmlər eynilə xüms mövzusunda olduğu kimidir. Bununla bağlı şəriət hökmlərinin təfsilatı “Xümsün məsrəf edilməsi” mövzusunda bəyan edilmişdir.
Məsələ 2586.Zəkat verməli olan şəxs əgər bir yoxsuldan alacağı vardırsa, zəkat almaqla bağlı digər şərtlərə də cavab verdiyi təqdirdə ondan alacağını zəkatdan saya bilər.
Məsələ 2587.Əgər yoxsul vəfat edərsə və onun malı borcu qədər olmazsa, insan ondan alacağını (yoxsulun ona olan borcunu) zəkatdan saya bilər. Hətta əgər malı borcu qədər olarsa və varisləri borcunu verməzlərsə, yaxud başqa bir səbəblə insan alacağını ala bilməzsə, bu halda da ondan alacağını zəkatdan saya bilər.
Məsələ 2588. Əgər insan bir şəxsin yoxsul olduğuna yəqinlik hasil edərsə, yaxud məntiqli bir yolla onun yoxsulluğuna arxayın olarsa və bəyyinə, yəni iki adil kişi həmin şəxsin yoxsul olmasına şahidlik edərsə, kifayətdir və həmin şəxs zəkat alma haqqına sahib olmağın digər şərtlərinə də cavab verdiyi təqdirdə insan zəkatını ona verə bilər.
Qeyd etmək lazımdır ki, insanların yoxsulluğunun sübuta yetməsi və bununla bağlı hökmlərin təfərrüatları bütün dini vergi və rüsumlarda eynidir.
Məsələ 2589. Əvvəllər yoxsul olan, hal-hazırda da yoxsul olduğunu deyən və yoxsulluqdan qurtulduğuna şübhə edilən şəxsə hərçənd sözü arxayınlıq hasil etməsə belə, zəkat vermək olar. Lakin əvvəllər yoxsul olub-olmadığı məlum olmayan şəxsə, vacib ehtiyata əsasən, yoxsulluğuna arxayınlıq hasil edənədək, yaxud başqa bir şəri dəlillə, məsələn, iki adil kişinin şahidliyi ilə onun yoxsulluğu sübuta yetənədək ona zəkat vermək olmaz.
Məsələ 2590.Yoxsul olduğunu deyən və əvvəllər yoxsul olmayan şəxs sözündən arxayınlıq hasil olmadığı, yaxud iki adil kişinin şahidliyi kimi başqa bir dəlillə yoxsulluğu sübuta yetmədiyi təqdirdə ona zəkat vermək olmaz.
Məsələ 2591. Əgər insan bir şəxsin yoxsul olduğunu xəyal edərək ona zəkat verərsə, sonra yoxsul olmadığını başa düşərsə, yaxud məsələni bilmədiyinə görə yoxsul olmadığını bildiyi bir şəxsə zəkat verərsə, kifayət etmir. Beləliklə, ona verdiyi şey qaldığı təqdirdə həmin şeyi ondan almalı və zəkat almaq haqqına sahib olan şəxsə verməlidir. Əgər aradan getmişdirsə, həmin şeyi alan şəxs zəkat olduğunu bildiyi təqdirdə insan həmin şeyin əvəzini ondan ala və zəkat almaq haqqına sahib olan şəxsə verə bilər, zəkat olduğunu bilmədiyi təqdirdə isə ondan heç nə ala bilməz və zəkatını əvəzini öz malından zəkat almaq haqqına sahib olan şəxsə verməlidir. Hətta yoxsulu tanımaq üçün axtarış aparsa, yaxud şəri dəlilə istinad etsə belə, vacib ehtiyata əsasən, bu hökm ona şamil olur.
Məsələ 2592. Əgər insanın mallarına zəkat şamil olmazdan öncə o, bir malı zəkat ünvanı ilə yoxsula verərsə, həmin mal zəkat hesab edilmir. Ancaq zəkat ona vacib olduqdan sonra (əgər yoxsula verdiyi mal aradan getməmişdirsə, həmin yoxsul hələ də yoxsul olaraq qalırsa və zəkat alma haqqına sahib olmağın digər şərtlərinə də cavab verirsə) ona verdiyi malı zəkat hesab edə bilər.
Məsələ 2593. Bir insana zəkatın vacib olmadığını bilən yoxsul onun bir malını zəkat kimi götürərsə və mal onun yanında tələf olarsa, maddi məsuliyyət daşıyır və onun əvəzini verməyə borclu olur. Lakin zəkat insana vacib olduqda əgər həmin yoxsul hələ də yoxsul olaraq qalırsa və zəkat alma haqqına sahib olmağın digər şərtlərinə də cavab verirsə, insan həmin alacağı (yoxsulun verməli olduğu borcu) zəkatdan saya bilər.
Məsələ 2594.İnsana zəkatın vacib olmadığını bilməyən yoxsul onun bir malını zəkat ünvanı ilə götürərsə və mal onun yanında tələf olarsa, maddi məsuliyyət daşımır və insan onun əvəzini zəkat hesab edə bilməz.
3) Amillər - zəkat məmurları
Məsələ 2595.Amillər – zəkat məmurları imam (ə), yaxud onun xüsusi naibi və ya ümumi naibi (şəriət hakimi) tərəfindən zəkatı toplamaq, qoruyub-saxlamaq, mühasibatını aparmaq və onu imama (ə), yaxud onun naibinə və ya yoxsullara və müstəhəqlərinə (zəkat alma haqqına sahib olanlara) çatdırmaq vəzifəsinin tapşırıldığı və əməyi müqabilində zəkatdan zəhmət haqqı verilən şəxsdir.
Qeyd etmək lazımdır ki, insanları zəkat toplamaq üçün işə götürən xeyriyyə təşkilatları və bu kimi müəssisələr zəkatı imamın (ə), yaxud onun xüsusi və ya ümumi naibinin icazəsi olmadan bu yerə sərf edə və onun bir hissəsini belə şəxslərə zəhmət haqqı ünvanı ilə verə bilməz.
1) Zəkat verilməklə İslama, yaxud haqq məzhəbə yönəlmələri üçün zəmin yaranan şəxslər (əl-muəlləfətu qulubuhum)
Məsələ 2596. Bu səhm (hissə) aşağıdakı yönlərdə sərf edilir:
a) Zəkat veriləcəyi təqdirdə içində İslam dininə rəğbət yaranacaq, yaxud müharibə və ya başqa hallarda müsəlmanlara kömək edəcək kafirlər.
b) Rəsul-i əkrəmin (s) gətirdiklərinin bir qisminə imanı zəif olan və zəkat verildiyi təqdirdə imanları güclənəcək müsəlmanlar.
c) Möminlərin əmirinin (ə) vilayətinə imanı olmayan və zəkat verilərsə, vilayətə rəğbət göstərəcək və iman gətirəcək müsəlmanlar.
Qeyd etmək lazımdır ki, zəkatlıq malın sahibi, yaxud digər şəxslər zəkatı imamın (ə), yaxud onun xüsusi naibinin və ümumi naibinin (şəriət hakiminin) icazəsi olmadan bu yönə sərf edə bilməz.
2) Kölələrin satın alınaraq azad edilməsi(14)
3) Borclular
Məsələ 2597.Borcu olan və borcunu ödəyə bilməyən şəxslər (ğarimin) hərçənd illik xərclərini təmin etmək imkanına sahib olsalar da, borclarını qaytarmaq üçün onlara zəkat vermək, yaxud onların borclarını zəkat hesabına ödəmək olar (yanğın, sel, gəmi batması və digər təbii hadisələrdə əmlakını itirən, yaxud ticarət və müamilələrdə ziyana uğrayan və müflisləşən şəxslər bu qəbildəndir). Lakin həmin şəxs aşağıdakı şərtlərə cavab verməlidir:
a) Borc aldığı malı günaha xərcləməməlidir.
b) Vacib ehtiyata əsasən, sözügedən borc müddətsiz olmalı, yaxud əgər müddətli olarsa, qaytarılma vaxtı çatmalıdır.
c) Alacaqlının borclunun borcunu ona tədricən ödəyəcəyinə ümidi olmamalıdır. Lakin alacaqlı borclu tərəfindən borcun tədricən ödənilməsinə razı olduğu və o (borclu) da borcunu qeyri-adi çətinliyə düşmədən ödəyə bildiyi təqdirdə, vacib ehtiyata əsasən, zəkat vermək olmaz.
d) Sözügedən borc şərən sabit olmalıdır. Buna əsasən, borclu olduğunu iddia edən şəxsə onun borclu olması məlumat, arxayınlıq, yaxud başqa mötəbər dəlillə sübuta yetdiyi hallar istisna olmaqla zəkat vermək olmaz.
Məsələ 2598.Borclu olan və borcunu ödəyə bilməyən şəxsin nəfəqələrinin, xərclərinin təmin edilməsi bir insana vacib olsa belə, həmin insan qeyd edilmiş şərtlərə riayət etməklə borcunu ödəməsi üçün ona zəkat verə, yaxud borcunu zəkat hesabına ödəyə bilər. Lakin zəkatı ona vacib nəfəqələri üçün vermək caiz deyil və bu məsələ qarşıda izah ediləcəkdir.
Məsələ 2599.Əgər bir şəxs borclu olan və borcunu qaytara bilməyən şəxsə borcunu qaytarması üçün zəkat verərsə, sonra onun aldığı borcu günaha sərf etdiyini başa düşərsə, həmin borclu şəxs şərən yoxsul olduğu və sonrakı fəsildə zəkat müstəhəqləri ilə bağlı deyiləcək digər şərtlərə də cavab verdiyi təqdirdə ona verdiyini yoxsulların səhmi (payı) hesab edə bilər.
4) Fi səbilillah (Allah yolunda)
Məsələ 2600. Zəkatın məsrəf yerlərindən biri olan “fi səbilillah” ilə faydasından bütün müsəlmanların yararlandığı, məsələn, məscid və dini elmlərin öyrənildiyi təhsil müəssisəsi inşa etmək, ümumi xəstəxanalar və kitabxanalar təsis etmək, cəmiyyət üçün faydalı olan dini kitablar nəşr etmək, şəhərdə təmizlik işləri, yolların asfaltlanması, genişləndirilməsi və bu kimi müsəlmanların ehtiyac duyduğu, onların ümumi mənafeyindən sayılan işlər nəzərdə tutulur. Lakin bu zəkat payını ümumi mənfəəti olmayan işlərə sərf etmək olmaz. Baxmayaraq ki, bu zəkat payını alan şəxs həmin işi zəkat payı almadan görə bilməyəcəkdir.
Qeyd etmək lazımdır ki, zəkatlıq malların sahibi, yaxud xeyriyyə müəssisələri və bu kimi təşkilatlar, lazım ehtiyata əsasən, zəkatı şəriət hakiminin izni olmadan bu işlərə sərf edə bilməz.
Məsələ 2601.İnsan səbilullah zəkat payı ilə Quran, yaxud dini kiab və ya dua kitabı alaraq vəqf edə bilməz. Yalnız ümumi mənafeyin bunu tələb etməsi və şəriət hakimindən, lazım ehtiyata əsasən, icazə alması istisnadır.
Məsələ 2602. Ata səbilullah zəkat payı ilə övladının ehtiyac duyduğu elmi və dini kitabları satın alaraq onun istifadəsinə verə bilməz. Yalnız ümumi mənafeyin bunu tələb etməsi və şəriət hakimindən, lazım ehtiyata əsasən, icazə alması istisnadır.
Məsələ 2603. İnsan zəkatla mülk, bağ, bostan və bu kimi şeylər satın alaraq məhsulunu, gəlirini öz xərclərini təmin etməyə sərf etsinlər deyə övadlarına, yaxud xərclərini təmin etməsi ona vacib olan şəxslərə vəqf edə bilməz.
Məsələ 2604.İnsan hərçənd yoxsul olmasa, yaxud illik xərcindən artıq miqdarda götürsə belə, həccə, ziyarətə getmək və bu kimi işlər üçün səbilullah səhmindən zəkat götürə bilər. Lakin bu o halda mümkündür ki, onun həccə, ziyarətə getməsində və s. ümumi mənfəət olsun və vacib ehtiyata əsasən, şəriət hakimindən zəkatı buna sərf etmək üçün icazə alsın.
5) İbn əs-səbil (yolda qalmış müsafir)
Məsələ 2605.Xərcliyi qurtaran, yaxud nəqliyyat vasitəsi xarab olan müsafir səfəri günah səfər olmadığı və borc almaqla, yaxud hər hansı bir şeyi satmaqla mənzil başına çatmaq imkanı olmadığı təqdirdə hərçənd öz vətənində yoxsul olmasa da, zəkat ala bilər. Lakin əgər başqa bir yerdə borc almaqla, yaxud bir şeyi satmaqla səfər xərclərini təmin edə bilərsə, yalnız həmin yerə getməsi üçün kifayət edəcək qədər zəkat ala bilər. Vacib ehtiyata əsasən, əgər öz vətənində bir malı satmaq, yaxud icarəyə verməklə səfər xərcini təmin edə bilərsə, zəkat almamalıdır.
Məsələ 2606.Səfərdə çıxılmaz vəziyyətdə qalan və zəkat alan müsafir vətəninə çatdıqdan sonra əgər zəkatdan bir şey artıq qalarsa, onu zəkat verənə qaytara bilmədiyi təqdirdə şəriət hakiminə çatdırmalı və sözügedən malın (pulun) zəkat olduğunu bildirməlidir.
Zəkatın cami əş-şərait fəqihə verilməsi ilə bağlı hökm
Məsələ 2607.Dövrün İmamının (ə) qaib olduğu dövrdə zəkatın cami əş-şərait (bütün şərtlərə cavab verən) fəqihə verilməsi vacib deyil. Hərçənd, bu iş müstəhəb ehtiyata müvafiqdir. Əlbəttə, daha öncə də qeyd edildiyi kimi zəkatın məsrəf yerlərindən üçüncü və dördüncüsü xüsusunda fətvaya əsasən, yeddincisi xüsusunda isə vacib ehtiyata əsasən zəkatı cami əş-şərait müctəhidə təhvil vermək, yaxud cami əş-şərait müctəhiddən məsrəf edilməsi üçün icazə almaq lazımdır.
Zəkat müstəhəqləri üçün şərtlər
Məsələ 2608.Zəkatın verilə biləcəyi zəkat müstəhəqləri ilə bağlı daha öncə qeyd edilən şərtlərlə yanaşı bir neçə başqa şərt də mötəbərdir. Bu şərtlərlə əlaqədar hökmlər növbəti məsələlərdə qeyd ediləcəkdir.
1-ci şərt: Zəkat alan isnaəşəri şiə olmalıdır
Məsələ 2609. Əgər insan bir şəxsi şiə kimi tanıyarsa və ona zəkat verərsə, sonra şiə olmadığı məlum olarsa, yenidən zəkat verməlidir. Hətta əgər araşdırmış olsa, yaxud şəri dəlilə (məsələn, iki adil şəxsin şahidliyinə) istinad etmiş olsa belə, vacib ehtiyata əsasən, təkrarən zəkat verməlidir.
Məsələ 2610.Əgər yoxsul şiə həddi-büluğa çatmamış uşaq, yaxud dəli olarsa, insan verdiyi şeyin uşağın, yaxud dəlinin mülkü (malı) olması niyyəti ilə onun şəri qəyyumuna zəkat verə bilər. Həmçinin. şəxsən, yaxud etibarlı bir şəxs vasitəsi ilə zəkatı uşağa, yaxud dəliyə sərf edə bilər. Ancaq bu iş uşağı saxlayan şəxsin himayədarlıq hüququ, yaxud onun qəyyumu olan şəxsin qəyyumluq hüququ ilə ziddiyyət təşkil etməməli və insan zəkatı onlara sərf edərkən zəkat niyyəti etməlidir.
2-ci, 3-cü və 4-cü şərtlər: Zəkat alan zəkatı haram yolda sərf etməməlidir; vacib ehtiyata əsasən, ona zəkat vermək günaha yardım və təşviq hesab edilməməlidir; vacib ehtiyata əsasən, məstedici içkilər içən, namaz qılmayan şəxs olmamalı və açıq-aşkar günah etməməlidir
Məsələ 2611.Zəkat müstəhəqləri xüsusunda ikinci, üçüncü və dördüncü şərtlərlə əlaqədar hökmlər eynilə xümsdə olduğu kimidir və təfsilatı “Xümsün məsrəf edilməsi” mövzusunda bəyan edilmişdir.
5-ci şərt: Zəkat alan zəkat verənin “vacib ən-nəfəqə”si olmamalıdır
Məsələ 2612.İnsan övladı, valideynləri, yaxud daimi arvadı kimi nəfəqəsi ona vacib olan bir şəxsin lazımi xərclərini öz zəkatı hesabına təmin edə bilməz.(15) Əlbəttə, bu hökm zəkatın yoxsulluq ünvanı ilə verildiyi hala aiddir. Ancaq əgər zəkatı başqa bir ünvanla verərsə, məsələn, həmin şəxs borcludursa, yaxud “ibn əs-səbil”dirsə (yolda qalmışdırsa) və bu cəhətdən zəkat almaq haqqına sahibdirsə, ehtiyata lüzum yoxdur. Əlbəttə, insan vacib ən-nəfəqəsi olan şəxslərin vacib nəfəqəsini verməyə qadir olmadığı və bir tərəfdən də zəkat ona vacib olduğu təqdirdə zəkatı ilə onların nəfəqəsini verə bilər. Hərçənd, müstəhəb ehtiyat bu işdən çəkinməkdir.
Məsələ 2613.Əgər infaq edilən şəxsə başqa şəxslərin xərclərini təmin etmək vacibdirsə, ancaq infaq edənə vacib deyilsə və infaq edilən şəxs həmin şəxslərin xərclərini təmin edə bilmirsə (məsələn, insanın övladı yoxsuldursa və daimi arvadının xərclərini təmin edə bilmirsə), insan zəkatını həmin şəxslərə sərf etməsi üçün ona (övladına) verə bilər.(16)
Məsələ 2614. Yoxsul olan və əri tərəfindən xərcləri təmin edilən daimi nikahda olan bir qadına zəkat vermək olmaz. Hətta əgər əri həyat yoldaşının xərclərini təmin etmək imkanına sahibdirsə, ancaq təmin etməkdən imtina edirsə, onu - dözülməz çətinlik olmadan - xərcləri təmin etməyə (hərçənd dövlət qurumlarına müraciət etməklə olsa belə) məcbur etmək mümkün olduğu təqdirdə belə bir qadına zəkat vermək olmaz. Ancaq əgər ər onun xərclərini təmin edə bilmirsə, yaxud imkanı olduğu halda təmin etmirsə və onu buna məcbur etmək də - dözülməz çətinlik olmadan – mümkün deyilsə, ona zəkat vermək olar.
Həmçinin, bir yoxsulun xərclərini təmin etmək başqa bir şəxsə vacibdirsə, həmin şəxs onun xərclərini təmin etməyə qadirdirsə, istədiyi halda xərclərini təmin etməkdən imtina etmirsə və adətən dözülməz olan bir şəkildə minnət qoymadan xərclərini təmin etməyə hazırdırsa, bu halda vacib ehtiyata əsasən, həmin yoxsula zəkat verməməlidirlər. Ancaq əgər həmin şəxs yoxsulun xərclərini təmin etməyə qadir deyilsə, yaxud ümumiyyətlə, təmin etməyə hazır deyilsə və adətən dözülməz olan bir minnətlə təmin edirsə, belə hallarda sözügedən yoxsula zəkat vermək olar.
Məsələ 2615.Siğə edilən (müvəqqəti nikahda olan) qadın yoxsul olarsa, əri və başqaları ona zəkat verə bilərlər. Lakin əgər əqddə ərinin qarşısına onun xərclərini təmin etmək şərtini qoyarsa, yaxud başqa bir səbəblə onun xərclərini təmin etmək ərinə vacib olarsa, əri həmin qadının xərclərini təmin etdiyi təqdirdə ona zəkat vermək olmaz.
Məsələ 2616.Qadın şərən yoxsul sayılan və zəkat alma haqqına sahib olmağın digər şərtlərinə də cavab verən ərinə, hərçənd ər zəkatı həmin qadının xərclərini təmin etməyə sərf etsə belə,zəkat verə bilər.
Məsələ 2617.Əgər insan zəkatı onunla borcunu qaytarması üçün övladına verərsə, sözügedən övlad zəkat alma haqqına sahib olduğu, məsələn, yoxsul olduğu təqdirdə ehtiyata lüzum yoxdur.
Məsələ 2618. Ata evlənmək ehtiyacı olan və zəkat alma haqqına da sahib olan, məsələn, yoxsul olan oğluna evlənməsi üçün öz zəkatını verə bilər və oğulun da ataya zəkat verməsi ilə bağlı hökm bu cürdür.
6-cı şərt: Zəkat verən seyid olmadığı halda zəkat alan da haşimi və seyid olmamalıdır
Məsələ 2619.Seyid olmayan şəxsin zəkatı seyidə haramdır və seyid zərurət halı istisna olmaqla seyid olmayandan zəkat ala bilməz. Vacib ehtiyata əsasən, zərurət seyidin xüms və digər dini vergilərlə öz məxaricini təmin edə bilməyəcəyi həddə olmalıdır. Həmçinin, vacib ehtiyata əsasən, mümkün olduğu təqdirdə hər gün həmin günün zəruri xərclərinə yetəcək qədər zəkat almaqla kifayətlənməlidir. Ancaq seyid şəxs zəkatını seyid, yaxud seyid olmayan şəxsə verə bilər.
Qeyd etmək lazımdır ki, seyid olmayan şəxsin zəkatının seyidə haramlığı vacib zəkata məxsusdur və müstəhəb zəkata şamil olmur. Buna əsasən, seyid olmayan şəxsin zəkatının verilməsi müstəhəb olan mallardan seyid olan yoxsula müstəhəb zəkat verməsində ehtiyata lüzum yoxdur.
Məsələ 2620. Seyidliyin sübuta yetirilməsi 2444 və 2445-ci məsələlərdə qeyd edilmişdir. Seyid olub-olmadığı məlum olmayan şəxsə zəkat vermək olar. Lakin əgər özü seyid olduğunu iddia edərsə, seyid olmayan şəxs ona zəkat verə bilməz və bu halda belə bir şəxsə zəkat verməklə zəkat onun üzərindən götürülmür.
Zəkatın niyyəti və onunla bağlı hökmlər
Məsələ 2621.İnsan zəkatı qürbət qəsdi ilə, yəni uca Allahın hüzurunda mütilik və bəndəliyini izhar etmək üçün və ixlasla verməlidir. Əgər qürbət qəsdi olmadan, yaxud ixlasa riayət etmədən verərsə, hərçənd günah etsə də, kifayətdir.
Məsələ 2622.Əgər insana həm mal zəkatı, həm də fitrə zəkatı vermək vacib olarsa, niyyətdə verdiyinin mal zəkatı, yoxsa fitrə zəkatı olduğunu müəyyənləşdirməlidir. Hətta əgər, məsələn, həm buğda, həm də arpa zəkatı ona vacib olarsa və zəkatın qiyməti ünvanı ilə pul vermək istəyərsə, hərçənd icmal surətdə də olsa, verdiyinin buğda, yoxsa arpanın zəkatı olduğunu müəyyən etməlidir. Ancaq əgər ona yalnız bir növ zəkat vacib olarsa, məsələn, yalnız buğda zəkatı ona vacib olarsa, niyyətində buğda zəkatı verdiyini müəyyənləşdirməsinə gərək yoxdur, onu öhdəsinə düşən vacib zəkat niyyəti ilə verərsə, kifayətdir.
Məsələ 2623. Bir neçə malın zəkatını verməsi vacib olan şəxs əgər bir miqdar zəkat verərsə və onlardan hər hansı birinin niyyətini etməzsə, verdiyi şey yalnız onlardan birinin zəkatı sayıla bildiyi təqdirdə həmin malın zəkatı verilmişdir. Məsələn, qırx qoyun və on beş misqal qızılın zəkatını verməsi vacib olan şəxs əgər zəkat ünvanı ilə bir qoyun verərsə və onlardan heç birinin niyyətini etməzsə, bu, qoyunların zəkatı hesab edilir.
Lakin əgər zəkat ünvanı ilə verdiyi şey iki və ya bir neçə malın zəkatı hesab edilə bilərsə, məsələn, əvvəlki misalda onlardan heç biri ilə eyni cinsdən olmayan və hər ikisinin də zəkatı hesab edilə biləcək kağız pulu zəkat ünvanı ilə verərsə, bəzi fəqihlərin (Allah onlardan razı olsun!) sözlərinə görə, verilmiş zəkat onlar arasında mütənasib şəkildə bölünür. Lakin bu hökm işkaldan xali deyil, yəni heç birinin zəkatı sayılmaması, sahibinin mülkündə qalması ehtimalı vardır. Bu səbəbdən bu halda ehtiyatın tələbinə riayət edilməlidir.
Məsələ 2624. Əgər insan bir şəxsi onun malının zəkatını verməsi üçün vəkil edərsə, zəkatı həmin vəkilə verərkən niyyət etməlidir və müstəhəb ehtiyata əsasən, zəkat yoxsula çatanadək bu niyyətdə qalmalıdır.
Zəkat verməklə əlaqədar digər hökmlər
Məsələ 2625.Malının zəkatını öz mallarından ayıran şəxs onu qoruyub-saxlamaqda səhlənkarlıq etdiyi və bu səbəbdən zəkat tələf olduğu təqdirdə maddi məsuliyyət daşıyır və onun əvəzini verməlidir.
Həmçinin, əgər onu qorumaqda səhlənkarlığa yol verməmişdirsə, lakin zəkatı onu alma haqqına sahib olana çatdırmaq imkanı olduğu halda onu çatdırmağı təxirə salmışdırsa və bu müddət ərzində zəkat tələf olmuşdursa (hətta vacib ehtiyata əsasən, gecikdirməkdə doğru bir məqsədi olmuşdursa, məsələn, müəyyən bir yoxsulu nəzərində tutmuş, yaxud onu yoxsullara tədricən vermək istəmişdirsə belə), zəkat üçün maddi məsuliyyət daşıyır (onu yenidən verməlidir).
Ancaq əgər zəkat alma haqqına sahib olan şəxsə əli çatmırsa, zəkatı verməyi onu alma haqqına sahib olan şəxsi tapmaq üçün təxirə salmışdırsa və onu qoruyub-saxlamaqda səhlənkarlığa yol vermədiyi halda zəkat tələf olmuşdursa, maddi məsuliyyət daşımır.
Məsələ 2626. Əgər insan mallarının zəkatını bütün şərtlərə cavab verən şəriət hakiminə verərsə və şəriət hakimi zəkatlıq mallar üzərindəki idarəetmə səlahiyyətindən istifadə edərək zəkatı qəbul edərsə, hərçənd bundan sonra zəkat şəriət hakiminin əlində tələf olsa, yaxud səhvən zəkat alma haqqına sahib olmayan bir şəxsə verilsə belə, zəkat mal sahibinin, onu verənin üzərindən götürülür.
Məsələ 2627. Əgər zəkatlıq mallardan olan bir şey zəkat şamil olmazdan öncə tələf olarsa, həmin malın yerdə qalanı nisab həddindən az olduğu təqdirdə ona zəkat şamil olmur. Əgər yerdə qalan nisab miqdarında olarsa və zəkatın şamil olmasının digər şərtlərinə də cavab verərsə, yerdə qalan hissənin zəkatını vermək vacibdir.
Məsələ 2628.İnsan zəkatı onu öz malından ayırdığı şəhər, yaxud kənddən başqa bir şəhərə, yaxud kəndə apara bilər. Lakin zəkatı öz malından ayırdığı yerdə zəkat alma haqqına sahib olan şəxs(lər) olduqda onun başqa bir yerə aparılmasının xərcləri mal sahibinin (zəkat verənin) üzərinə düşür və zəkat daşınma səbəbi ilə tələf olduğu təqdirdə onun üçün maddi məsuliyyət daşıyır. Yalnız sonrakı məsələdə izah ediləcək qaydada şəriət hakiminin göstərişi ilə aparması istisnadır.
Məsələ 2629. Əgər zəkat vermək istəyən şəxsin şəhərində, yaxud kəndində zəkat alma haqqına sahib olan bir şəxs olmazsa, zəkatı onun üçün müəyyən edilmiş başqa bir məsrəf yerinə də sərf edə bilməzsə və onu başqa bir yerə apararsa, onun digər yerə daşınma xərclərini zəkatdan saya bilər və zəkat daşınma səbəbi ilə tələf olarsa, onu qoruyub-saxlamaqda səhlənkarlıq etmədiyi təqdirdə maddi məsuliyyət daşımır, əks təqdirdə isə maddi məsuliyyət daşıyır. Həmçinin, insan bütün şərtlərə cavab verən şəriət hakimindən vəkalət ala və zəkatı şəriət hakimi tərəfindən vəkalətlə qəbul edə və onun icazəsi ilə zəkatı başqa bir yerə daşıya bilər. Bu halda da onun başqa bir yerə daşınma xərclərini zəkatdan saya bilər və əgər zəkat daşınma səbəbi ilə tələf olarsa, onun qorunmasında səhlənkarlığa yol vermədiyi təqdirdə maddi məsuliyyət daşımır.
Məsələ 2630. Əgər insan zəkatı malın özündən ayıraraq kənara qoyarsa, onun yerdə qalanı üzərində təsərrüf haqqına sahibdir. Həmçinin, əgər başqa bir malından (şəriətin göstərişinə müvafiq şəkildə) ayıraraq kənara qoyarsa, bütün malı üzərində təsərrüf haqqına sahibdir.
Məsələ 2631. İnsan kənara qoyduğu zəkatı özünə götürə və yerinə başqa bir mal qoya bilməz.
Məsələ 2632. Əgər insan şəriət hakiminin icazəsi olmadan zəkat üçün kənara qoyduğu bir malla ticarət edərsə və ziyana uğrayarsa, zəkatdan heç nə əskiltməməlidir. Lakin əgər mənfəət əldə edərsə, lazım ehtiyata əsasən, onu zəkat alma haqqına sahib olan şəxsə verməlidir.
Məsələ 2633.Əgər kənara qoyulan zəkatdan bir mənfəət, gəlir hasil olarsa, məsələn, zəkat üçün ayrılan qoyun quzu dünyaya gətirərsə, hasil olan mənfəətə zəkat hökmü şamildir.
Məsələ 2634.Zəkatın verilməsinin vacib olduğu vaxt çatdıqda insan üzrlü səbəb olmadan onun verilməsini təxirə sala bilməz. Ancaq əgər malın zəkatını ayıraraq kənara qoyarsa, məntiqə uyğun bir məqsədlə onu verməyi təxirə saldığı və zəkatı verməkdə səhlənkarlıq hesab edilmədiyi təqdirdə ehtiyata lüzum yoxdur. Buna əsasən, əgər zəkatı müəyyən bir yoxsula vermək üçün kənara qoyarsa və hal-hazırda həmin yoxsul ilə əlaqə yaratmaq mümkün deyilsə (məsələn, səfərdədirsə), zəkatı verməyi təxirə sala bilər.
Məsələ 2635. Əgər sahibi zəkatın şamil olduğu bir malı zəkat verməzdən öncə satarsa, günah etmişdir və zəkatı hərçənd başqa mallarından olsa belə, verməlidir. Ancaq istənilən halda alqı-satqı doğrudur və alıcı da satıcının həmin malın zəkatını vermədiyini bildiyi təqdirdə hər ikisinin zəkat verməsi vacibdir.(17)
Başqasına bağışlanılan zəkatlıq mal ilə əlaqədar hökm də bu cürdür.
Məsələ 2636.Əgər iki şəxsin zəkatı vacib olmuş şərikli malı olarsa və onlardan biri öz payının zəkatını verərsə, digər şərik isə öz payının zəkatını verməzsə, digər hissənin zəkatı verilənədək müştərək mal üzərində təsərrüf hüququna sahib deyillər. Lakin əgər malı bölüşdürərlərsə və hər kəs öz payını götürərsə, hərçənd şərikinin öz payının zəkatını vermədiyini və daha sonra da verməyəcəyini bilsə belə, malının zəkatını verən şəxsin öz payı üzərində təsərrüfündə ehtiyata lüzum yoxdur.
Məsələ 2637. Əgər insan mallarına zəkat şamil olduğunu bilərsə, lakin onu verib-vermədiyinə şəkk edərsə, zəkatı olan mal hal-hazırda mövcud olduğu təqdirdə onun zəkatını verməlidir və əgər zəkatı olan mal (özü) hal-hazırda mövcud deyilsə, ona zəkat vermək vacib deyil.
Məsələ 2638.Yoxsul zəkatı almazdan öncə onu miqdarından azına sülh (müsalihə) edə, yaxud bir malı dəyərindən baha qiymətə zəkat kimi qəbul edə bilməz. Həmçinin, mal sahibi zəkatı onu alma haqqına sahib olan şəxsə verərək onun qarşısında həmin malı ona geri qaytarmasını şərt qoya bilməz. Lakin əgər zəkat alma haqqına sahib olan şəxs zəkatı aldıqdan sonra qəlbən onu zəkat verənə qaytarmağa razı olarsa, bunda bir əngəl yoxdur. Məsələn, külli miqdarda zəkat borcu olan, yoxsullaşaraq zəkatı verə bilməyən və indi tövbə edən şəxs üçün, əgər yoxsul onun zəkatını alaraq sonra yenidən özünə bağışlamağa razı olarsa, ehtiyata lüzum yoxdur.
Məsələ 2639. Əgər mal sahibi bir yoxsulu onun malının zəkatını verməyə vəkil edərsə, həmin yoxsul mal sahibinin niyyətinin onun (yoxsulun) özünün zəkatdan götürməməsi olduğunu ehtimal etdiyi təqdirdə ondan özünə bir şey götürə bilməz və əgər mal sahibinin niyyətinin bu olmadığına əmin olarsa, özünə də götürə bilər.
Məsələ 2640.Əgər yoxsul zəkat ünvanı ilə dəvə, inək, qoyun, qızıl, gümüş və sərmayə alarsa, o da zəkatın vacib olması üçün deyilən şərtlərə cavab verdiyi təqdirdə bu şeylərin zəkatını verməlidir.
Məsələ 2641. İnsanın zəkat kimi yoxsula verdiyi şeyin zəkat olduğunu ona deməsi vacib deyil. Hətta əgər yoxsul xəcalət çəkərsə, müstəhəbdir ki, malı ona zəkat niyyəti ilə versin, ancaq zəkat olduğunu bildirməsin.
Məsələ 2642.Müstəhəbdir ki, insan dəvə, inək və qoyunun zəkatını ismətli yoxsullara versin və zəkat verərkən öz qohumlarını yadlardan, elm və kamal əhlini başqalarından və ağız açmayanları, dilənməyənləri ağız açanlardan öndə tutsun. Lakin ola bilər ki, hər hansı bir yoxsula zəkat vermək başqa bir cəhətdən daha yaxşı olsun.
Məsələ 2643. Zəkatı alan şəxsin zəkat verən şəxs üçün dua etməsi müstəhəbdir.
Məsələ 2644.İnsanın zəkat alma haqqına sahib olan şəxsdən ondan aldığı zəkatı ona satmasını istəməsi məkruhdur. Lakin əgər zəkat alma haqqına sahib olan şəxs aldığı malı satmaq istəyərsə, qiymətini təyin etdikdən sonra daha yaxşı olar ki, zəkatı ona verən şəxsi həmin malı satın alma xüsusunda başqalarından öndə tutsun.


(1) Zəkatlıq mallar 2476-cı məsələdə sadalanan on şeydir.
(2) Əmlakın təsərrüf edilməsi deyərkən ondan özü və başqaları üçün istifadə etmək, onu (bütövlüklə, yaxud bir hissəsini) məsrəf etmək, alqı-satqı predmeti etmək, icarəyə vermək, borc vermək, vəqf etmək, hədiyyə vermək və s. nəzərdə tutulur. Tərc.
(3) Vəqf edilən məhsullar və gəlirlər zəkatın vacib olmasından öncə “mövqufun əleyh”in (istifadəsinə təxsis edilən tərəfin) mülkinə çevrilərsə və digər şərtlər də mövcud olarsa, onların zəkatının verilməsi “mövqufun əleyh”ə vacib olur.
(4) Bu məhsulların nisabı ilə bağlı hədislərdə söylənilənlər nisabın həmin dövrdə dənəvər cisimlərin çəkisinin müəyyən edilməsi üçün istifadə edilən ölçülərlə təyin edilməsindən ibarətdir və nisabın müsir dövrdə istifadə edilən ölçü vahidləri ilə dəqiq miqdarı məlum deyil. Həmçinin, bütün bu məhsullarda istifadə etmək üçün ölçünün ümumi bir meyar və qayda olaraq çəki əsasında hesablanması da mümkünsüzdür. Çünki bu məhsullar yüngüllük və ağırlıq baxımından (həcmcə) təbiətlərinə və digər amillərə görə bir-birindən fərqlənir. Məsələn, 1000 sm3 həcmi olan olan bir ölçü qabını buğda ilə doldurduqda onun çəkisi arpa ilə doldurulduqda sahib olduğu çəkidən artıq olur. Həmçinin, əgər sözügedən ölçü qabını sıxmadan xurma ilə doldurduqda onun çəkisi buğda ilə doldurulduqda aldığı çəkidən az olur. Çünki xurma və buğda zahiri quruluş və həcm baxımından bir-birindən fərqlənir və ölçü qabında olan xurmalar arasındakı boş yerlər buğda dənələri arasındakı boşluqlardan çoxdur. Hətta bəzən bir növün fərdləri də bir-birindən fərqlənir və müxtəlif sortlara bölünür. Məsələn, bir sortda rütubətin ölçüsü digər sortdan çox olur. Lakin işi asanlaşdıran cəhət budur ki, mükəlləf zəkatlıq məhsulunun nisab həddinə çatdığını müəyyənləşdirə bilmədikdə onun zəkatını vermək vacib deyil. Lakin bu məhsulların çəkisi mətndə qeyd edilən miqdara (847 kq) çatdıqda zəkatlıq malın nisab həddinə çatdığına yəqinlik, yaxud arxayınlıq hasil olur.
(5) Köməkçi vasitələr deyərkən su nasosu və vedrə kimi köməkçi vasitələr, cihaz və avadanlıqlar nəzərdə tutulur.
(6) Təsərrüf deyərkən həmin maldan istifadə etmək, onu məsrəf etmək, hədiyyə etmək, satmaq, vəqf etmək və s. nəzərdə tutulur. Tərc.
(7) Hətta əgər ilin bir dövründə dəli olsa belə, zəkat ona vacib olmur. Əlbəttə, əgər il ərzində yalnız bir saatlıq və bu kimi bir müddətdə dəli olarsa, digər şərtlərin hamısı mövcud olduğu təqdirdə zəkat vacib olur.
(8) Bu şərtdən məlum olur ki, insanların müamilələrini (iqtisadi, ticarət və maliyyə əməliyyatlarını) qızıl və gümüşdən olan pulla həyata keçirmədiyi (başqa sözlə, qızıl və gümüş pulların tədavüldə olmadığı tərc.) bu dövrdə qızıl və gümüşün zəkatı ilə bağlı bir mövzu yoxdur.
(9) Təbii otlaqlardan yararlanan belə heyvanlara “saimə” deyilir.
(10) Çünki belə heyvanların saimə hesab edilməsində işkal vardır.
(11) Hətta ilin yalnız bir dövründə dəli olsa belə, zəkat ona vacib olmur. Əlbəttə, əgər il ərzində yalnız bir saatlıq və bu kimi qısa müddət ərzində dəli olarsa, zəkatın digər şərtlərinə cavab verdiyi təqdirdə, ehtiyata əsasən, vacib olur.
(12) Sərmayənin alış qiyməti, yaxud sahibinə başa gəldiyi qiymət.
(13) Qeyd etmək lazımdır ki, şərtlərə cavab verdiyi təqdirdə buğda və arpanın zəkatının verilməsi vacibdir.
(14) Bu, hal-hazırda qarşılaşılan bir vəziyyət olmadığına görə, bununla bağlı hökmlər də burada qeyd edilmir.
(15) Həmçinin, vacib ehtiyata əsasən, vacib ən-nəfəqəsi hesab edilən şəxsin vacib olmayan, əlavə xərclərini öz malı hesabına təmin edə bildiyi halda zəkatını belə xərclərinə sərf etməsi üçün həmin şəxsə verməməlidir.
(16) Əlbəttə, bu o haldadır ki, sözügedən arvad başqa bir şəxsin, məsələn, atasının (arvadın atasının) vacib ən-nəfəqəsi olmamalıdır. Əks təqdirdə, əgər həyat yoldaşının atası (arvadın atası) onun xərclərini təmin etməyə hazırdırsa, insan öz zəkatını həyat yoldaşının xərclərinə sərf etməsi üçün oğluna verə bilməz.
(17) Əgər satıcı zəkatı verərsə, alıcının üzərinə hər hansı bir mükəlləfiyyət düşmür və əgər alıcı verərsə, satıcı onu aldatdığı təqdirdə verdiyi zəkat miqdarını ondan tələb edə bilər.

FİTRƏ ZƏKATI (FİTRİYYƏ) → ← XÜMS
العربية فارسی اردو English Azərbaycan Türkçe Français