ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Allahın adı ilə!
Bu gün axşam (çərşənbə axşamı, aprel ayının 9-u) Şəvval ayının hilalının cihazsız gözlə görünməsi sübuta yetmişdir. 
Buna əsasən sabah, Aprel ayının 10-u (çərşənbə günü) şəvval ayının biri, mübarək Fitr bayramıdır. Allah-taala bütün müsəlmanlara bu bayramı mübarək etsin.

Ayətullah əl-uzma Seyyid Əli Hüseyni Sistaninin dəftərxanası.

Kitablar » Geniş izahlı şəriət məsələləri, 1-ci cild

FİTR VƏ QURBAN BAYRAMI NAMAZI → ← AYAT NAMAZI

MÜSTƏHƏB NAMAZLAR

MÜSTƏHƏB NAMAZLAR
Müstəhəb namazlar çoxdur və onlara “nafilə” deyilir. Müstəhəb namazlar arasında gündəlik nafilələrin qılınması daha çox tövsiyə edilmişdir. Onlarla bağlı hökmlərə qarşıdakı məsələlərdə yer veriləcəkdir.

Gündəlik nafilələr
Məsələ 1830. Gündəlik nafilələr cümə günü istisna olmaqla digər günlərdə 34 rükətdir və aşağıdakılardan ibarətdir:
Səkkiz rükət zöhr nafiləsi, səkkiz rükət əsr nafiləsi, dörd rükət məğrib nafiləsi, iki rükət işa nafiləsi, on bir rükət gecə nafiləsi (bu on bir rükətin səkkizi gecə nafiləsi niyyəti ilə, iki rükəti şəf namazı niyyəti ilə, bir rükəti isə vitr namazı niyyəti ilə qılınır) və iki rükət sübh nafiləsi.
İkirəkətlik işa nafiləsi, vacib ehtiyata əsasən, oturaq vəziyyətdə qılınmalı olduğuna görə bir rükət hesab edilir. Beləliklə, bu nafilələr cəmi 34 rükətdir.
Cümə günü on altı rükət zöhr və əsr nafilələrinin üzərinə dörd rükət də əlavə edilir və cəmi iyirmi rükət olur.
Qeyd etmək lazımdır ki, vitr namazı istisna olmaqla digər nafilələr ikirəkətli namaz kimi qılınır.

Gündəlik nafilələrin vaxtları
1) Zöhr nafiləsinin vaxtı
Məsələ 1831.Zöhr nafiləsi zöhr namazından öncə qılınır və onun vaxtı zöhrün başlanğıcından başlayır və zöhr namazından əvvəl qılınması mümkün olan vaxtadək davam edir. Lakin əgər insan zöhr nafiləsini şaxisin şəri zöhrdən sonra peyda olan kölgəsinin uzunluğu şaxisin öz uzunluğunun 2/7-i ölçüsündə olanadək təxirə salarsa, bu zaman yaxşı olar ki, zöhr namazını nafilədən öncə qılsın. Yalnız nafilənin bir rükətini bundan öncə qılmış olduğu təqdirdə istisna olaraq nafilənin zöhr namazından öncə başa çatdırılması daha yaxşıdır.

2
) Əsr nafiləsinin vaxtı
Məsələ 1832. Əsr nafiləsi əsr namazından öncə qılınır və onun vaxtı əsr namazından öncə qılınması mümkün olan vaxtadək davam edir. Lakin əgər insan əsr nafiləsini şaxisin şəri zöhrdən sonra peyda olan kölgəsinin uzunluğu şaxisin öz uzunluğunun 4/7-ü ölçüsündə olanadək təxirə salarsa, bu zaman yaxşı olar ki, əsr namazını nafilədən öncə qılsın. Yalnız nafilənin bir rükətini bundan öncə qılmış olduğu təqdirdə istisna olaraq nafilənin əsr namazından öncə başa çatdırılması daha yaxşıdır.
Məsələ 1833. Cümə günü istisna olmaqla digər günlərdə zöhr və əsr nafilələrinin zöhr azanından öncə qılınması caiz deyil. Yalnız namaz qılanın nafilələri azandan sonra hərçənd ürfün (şəriətin deyil, insanların) nəzərində üzürlü sayılan bir səbəbdən dolayı olsa belə, qıla bilməyəcəyini bildiyi hal istisnadır.
Ancaq cümə günü daha yaxşı olar ki, iyirmi rükətlik zöhr və əsr nafiləsinin iki rükəti zöhr vaxtı, on səkkiz rükəti isə zöhrdən öncə qılınsın və bu on səkkiz rükətin də yaxşı olar ki, altı rükəti günün başlanğıcında Günəşin nuru yayılarkən, altı rükəti Günəş üfüqdə yüksələrkən, digər altı rükəti isə zöhr azanından öncə qılınsın.

3
) Məğrib nafiləsinin vaxtı
Məsələ 1834. Məğrib nafiləsinin vaxtı məğrib namazının başa çatmasından sonra başlayır və məğrib namazından sonra bu namazın vaxtı ərzində qılınması mümkün olan vaxtadək davam edir. Lakin əgər insan məğrib nafiləsini Günəş batdıqdan sonra səmanın qərb tərəfində peyda olan şəfəq aradan gedənək təxirə salarsa, daha yaxşı olar ki, bu halda öncə işa namazını qılsın.

4
) İşa nafiləsinin vaxtı
Məsələ 1835. İşa nafiləsinin vaxtı işa namazının başa çatmasından gecə yarısınadəkdir və yaxşı olar ki, işa namazından sonra dərhal qılınsın.

5
) Gecə nafiləsinin vaxtı
Məsələ 1836.Gecə nafiləsinin vaxtının başlanğıcı, məşhur nəzərə əsasən, gecə yarısıdır. Hərçənd bu nəzər müstəhəb ehtiyata müvafiq və daha yaxşı olsa da, gecə yarısı gecə namazının fəzilət vaxtının başlanğıcıdır. Onun əda (qılınma) vaxtı isə gecənin əvvəlindən başlayır. Belə ki, əgər insan işa namazından sonra gecə nafiləsini qılarsa, vaxtında qılınmışdır və onun vaxtı sübh azanınadək (fəcrin tülusunadək) davam edir. Hərçənd, daha yaxşı olar ki, sübh azanına yaxın qılınsın.

6
) Sübh nafiləsinin vaxtı
Məsələ 1837. Sübh nafiləsi sübh namazından öncə qılınır və onun vaxtı gecə namazının vaxtının başlanğıcından onun (gecə namazının) qılınması üçün lazım olan qədər zaman keçdikdən sonra başlayır və onun (sübh nafiləsinin) sübh namazından öncə qılınması mümkün olan vaxtadək davam edir. Lakin əgər insan sübh nafiləsini qılmağı sübh namazının fəzilət vaxtı daralanadək təxirə salarsa, yaxşı olar ki, bu halda öncə sübh namazını qılsın.

Gündəlik nafilələrlə əlaqədar digər hökmlər
Məsələ 1838. İnsan gündəlik nafilələrin hamısını deyil, bir qismini də qıla bilər. Gecə namazında son üç rükət, yəni şəf və vitr namazlarını qılmaqla, hətta təkcə vitr namazını qılmaqla da kifayətlənə bilər. Həmçinin, əsr nafiləsinin də dörd, hətta iki rükətinı qılmaqla kifayətlənə bilər. Ancaq zöhr və məğrib nafilələrinin, həmçinin, gecə namazının ilk səkkiz rükətinin bir hissəsini qılmaq istəyərsə, bu nafilələri rəca niyyəti ilə qılsın.
Məsələ 1839.Müsafir səfərdə zöhr və əsr nafilələrini qılmamalıdır, lakin işa nafiləsini rəca niyyəti ilə qıla bilər. Gecə nafiləsi, məğrib nafiləsi və sübh nafiləsi kimi digər nafilələr isə səfərdə müstəhəbliyini itirmir.
Məsələ 1840. İnsan gecə nafiləsini adi qaydada, digər müstəhəb namazlar kimi qıla bilər. Hərçənd, bu nafilənin daha müfəssəl kitablarda izah edilən, daha kamil və daha fəzilətli qılınma qaydası da vardır.

Digər müstəhəb namazlar
Məsələ 1841.Gündəlik nafilələrdən başqa müstəhəb namazlar bir neçə qisimə bölünür:
Onlardan bəziləri xüsusi bir vaxtda, məsələn, ramazan ayında, yaxud xüsusi bir səbəblə, məsələn, ziyarət səbəbi ilə və ya xüsusi bir məqsədə nail olmaq üçün, məsələn, yağışın yağması üçün müstəhəbdir.
Bəzilərinin isə xüsusi bir vaxtda, yaxud xüsusi bir səbəb və qayə ilə qılınmasına gərək yoxdur və onları istənilən zaman, xüsusi bir səbəb və ya qayə olmadan da qılmaq olar. Bu qisim namazlardan bəzilərinin, məsələn, Cəfər Təyyar namazının özünəməxsus qılınma qaydası vardır. Bəzilərinin isə müəyyən bir qılınma qaydası yoxdur, yəni xüsusi bir qayda olmadan sadəcə ikirəkətlik namaz kimi və hətta xüsusi bir səbəb olmadan qılınır. Bu qisim namazlara “ibtidai nafilələr” deyilir.
Burada xüsusi və məşhur müstəhəb namazların bir neçə örnəyi qeyd ediləcəkdir.

Dəfn gecəsi (vəhşət) namazı
Məsələ 1842.Yaxşı olar ki, dünyasının dəyişən şəxsin dəfn edildiyi ilk gecə onun üçün iki rükət vəhşət namazı qılınsın. Bu namazın qılınma qaydası belədir: birinci rükətdə Həmd surəsindən sonra bir dəfə Ayət əl-kursi (Bəqərə surəsinin(1) 255-257-ci ayələri), ikinci rükətdə isə Həmd surəsindən sonra on dəfə Qədr surəsini oxumaq, namazın salamından onra: “Allahummə səlli əla Muhəmmədin və Ali-Muhəmmədin vəbəs səvabəha ila qəbri fulan”(2) demək lazımdır (“fulan” sözünün yerinə mərhumun adını çəkmək lazımdır).
Qeyd etmək lazımdır ki, vəhşət namazı üçün başqa bir qılınma qaydası da nəql edilmişdir. Həmin qayda belədir: birinci rükətdə Həmd surəsindən sonra iki dəfə İxlas, ikinci rükətdə isə Həmd surəsindən sonra on dəfə Təkasur surəsini oxumaq, namazın salamından sonra “Allahummə səlli əla Muhəmmədin vəbəs səvabəha ila qəbri fulan”(3) demək lazımdır (“fulan” sözünün yerinə mərhumun adını çəkmək lazımdır).
Məsələ 1843. Əgər cənazəni uzaq bir şəhərə aparmaq istəyərlərsə, yaxud başqa bir səbəblə onun dəfni gecikərsə, birinci qayda üzrə vəhşət namazının qılınmasını onun dəfnindən sonrakı ilk gecəyədək təxirə salmaq lazımdır, ikinci qayda üzrə qılınan namazla bağlı isə zahir (aydın olan nəzər) budur ki, onun məhz ölümdən sonrakı ilk gecə qılınması müstəhəbdir.
Məsələ 1844. Vəhşət namazını gecənin istənilən vaxtında qılmaq olar, lakin daha yaxşı olar ki, gecənin əvvəlində, işa namazından sonra qılınsın.(4)

Qüfeylə namazı
Məsələ 1845. Qüfeylə namazı müstəhəb namazlardan biri olub məğrib və işa namazları arasında qılınır. Ancaq bu namaz gündəlik nafilələrdən sayılmır. Hərçənd onu məğrib nafiləsi kimi qılmaq olar. Belə ki, insan hər iki namaz üçün birlikdə niyyət edə bilər. Qüfeylə namazının qılınma qaydası belədir:
Birinci rükətdə Həmd surəsindən sonra ikinci surə yerinə bu ayəni oxumaq lazımdır: “Və zənnuni iz zəhəbə muğazibən, fəzənnə ən lən nəqdirə əleyhi, fənada fiz-zulumati ən la ilahə illa əntə, subhanəkə inni kuntu minəz-zalimin. Fəstəcəbna ləhu və nəccəynahu minəl-ğəmmi və kəzalikə nuncil-muminin”.
İkinci rükətdə Həmd surəsindən sonra ikinci surə yerinə bu ayəni oxumaq lazımdır: “Və indəhu məfatihul-ğaybi la yələmuha illa huvə, və yələmu ma fil-bərri vəl-bəhri və ma təsqutu min vərəqətin illa yələmuha və la həbbətin fi zulumatil-ərzi və la rətbin və la yabisin illa fi kitabin mubin”.
Qunutda bu duanı oxumaq lazımdır: “Allahummə inni əsəlukə biməfatihil-ğayb, əlləti la yələmuha illa əntə, ən tusəlliyə əla Muhəmmədin və Ali-Muhəmmədin, və ən təfələ bi kəza və kəza”. Burada “kəza və kəza” sözlərinin yerinə öz diləklərini uca Allahdan istəməli, sonra belə deməlidir: “Allahummə əntə vəliyyu niməti, vəl-qadiru əla təlibəti, tələmu hacəti, fəəsəlukə bihəqqi Muhəmmədin və Ali-Muhəmmədin əleyhi və əlehimus-səlamu, ləmma qəzəytəha li”.

Ayın əvvəlinin namazı
Məsələ 1846. Müstəhəb namazlardan biri də qəməri təqvimlə(5) hər ayın ilk günü “ayın əvvəlinin namazı” adlandırılan iki rükət namazdır. Bu namazın qılınma qaydası belədir: namaz qılan bu namazın birinci rükətində Həmd surəsindən sonra otuz dəfə İxlas, ikinci rükətdə Həmd surəsindən sonra isə otuz dəfə Qədr surəsini oxumalı və namazdan sonra imkan daxilində sədəqə verməlidir. Bu namaz ayın ilk gününün istənilən vaxtında qılına bilər. Həmçinin, bu namazdan sonra aşağıdakı ayələrin oxuması müstəhəb sayılmışdır:
“Bismillahir-rəhmanir-rəhim. Və ma min dabbətin fil-ərzi illa ələllahi rizquha, və yələmu mustəqərrəha və mustəvdəəha, kullun fi kitabin mubin. Bismillahir-rəhmanir-rəhim. Və in yəmsəskəllahu bizurrin fəla kaşifə ləhu illa huvə, və in yuridkə bixayrin, fəla raddə lifəzlihi, yusibu bihi mən yəşau min ibadihi, və huvəl-ğafurur-rəhim.(6) Bismillahir-rəhmanir-rəhim. Səyəcəlullahu bədə usrin yusra. Maşaallahu la hovla və la quvvətə illah billahi. Həsbunəllahu və niməl-vəkilu. Və ufəvvizu əmri iləllah. İnnəllahə bəsirun bil-ibad. La ilahə illa əntə, subhanəkə inni kuntu minəz-zalimin. Rəbbi inni lima ənzəltə iləyyə min xayrin fəqir. Rəbbi la təzərni fərdən və əntə xayrul-varisin”.

Müstəhəb namazlarla əlaqədar hökmlər
Məsələ 1847. İstər gündəlik nafilələr, istərsə digər müstəhəb namazları hərçən insan ayaq üstə namaz qıla bilsə belə, oturaq vəziyyətdə qılmaq olar və bu halda hər iki rükəti bir rükət kimi hesablamaq lazım deyil. Əgər namaz qılan hər iki rükəti bir rükət kimi hesablamaq istəyərsə, vacib ehtiyata əsasən, ikinci dəfə rəca niyyəti ilə qılmalıdır. Məsələn, iki salamı olan dördrəkətlik məğrib nafiləsinə (oturaq vəziyyətdə qılaraq qeyd edilən qaydada hesablamaq istədikdə) rəcaən iki salamlı olmaqla daha dörd rükət əlavə etməlidir. Bu qayda ilə rükətlərin birlikdə sayı səkkiz olur.
Məsələ 1848. Yaxşı olar ki, insan istər gündəlik nafilələri, istərsə digər müstəhəb namazları ayaq üstə qılsın. Yalnız işa nafiləsi (vüteyrə namazı), vacib ehtiyata əsasən, oturaq vəziyyətdə qılınmalıdır.
Məsələ 1849. Müstəhəb namazları zərurət və çarəsizlik hallarında sağ, yaxud sol və ya arxası üstə uzanmış vəziyyətdə (namaz qılanın vəzifəsinə uyğun olaraq) qılmaq olar və bu halda rüku və səcdə baş işarəsi ilə yerinə yetirilir. Lakin adi hallarda bunun caizliyi şübhəlidir. Lakin rəcaən (savab ümidi ilə) bu vəziyyətdə qılına bilər.
Məsələ 1850. Müstəhəb namazın (işa nafiləsi istisna olmaqla) bir rükətini ayaq üstə, digər rükətini isə oturaq vəziyyətdə qılmaq olar. Hətta bir rükətin bir hissəsini ayaq üstə, bir hissəsini isə oturaq vəziyyətdə qılmaq da olar.
Məsələ 1851.Əgər namaz qılan müstəhəb namazı oturaq vəziyyətdə qılmağa başlasa, ikinci surənin axırından bir hissəni, məsələn, bir-iki ayəni saxlayaraq ayağa qalxsa və surənin davamını ayaq üstə oxuyaraq qiyam halından (ayaq üstə) rükuya getsə və namazını bu qaydada davam etdirsə, qıldığı namaz hökm baxımından ayaq üstə namaz hesab edilir və ayaq üstə namaz savabı vardır.
Məsələ 1852. Müstəhəb namazı piyada yol gedərkən qılmaq olar. Həmçinin, müstəhəb namazı maşın, qatar, təyyarə, gəmi və s. nəqliyyat vasitələrində də qılmaq olar, bu halda namaz əsnasında bədənin sabit (hərəkətsiz) olması şərt deyil və namaz qılan rüku və səcdəni baş hərəkəti ilə də icra edə bilər.
Qeyd etmək lazımdır ki, piyada və nəqliyyat vasitəsində hərəkət etmək istisna olmaqla digər hallarda müstəhəb namazı qılmaq üçün, vacib ehtiyata əsasən, üzü qiblə istiqamətinə durmaq lazımdır.
Məsələ 1853. Fitr və qurban bayramı namazları kimi dövrün imamının (ə.f) insanların arasında olduğu dövrdə qılınması vacib olan namazlarda hərçənd hal-hazırda həmin namazlar müstəhəb namaz olsa da, üzü qibləyə durmaq vacibdir. Ancaq nəzir və bu qəbildən olan səbəblərlə insana vacib olan müstəhəb namazlar isə piyada və ya nəqliyyat vasitəsində hərəkət edərkən qılındığı təqdirdə üzü qibləyə olmaq vacib deyil.
Məsələ 1854. Kəbə evində və onun damında müstəhəb namaz qılmaq olar. Hətta Kəbə evinin daxilində üzü künclərin hər birinə doğru tutaraq iki rükət namaz qılmaq müstəhəbdir.
Məsələ 1855. Dəstəmaz ala, yaxud qüsl edə bilməyən şəxs müstəhəb namazları təyəmmümlə (vəzifəsinə uyğun olaraq) qıla bilər.
Məsələ 1856. Vəhşət (dəfn gecəsi) namazı kimi Həmd surəsindən sonra məxsusi surəsi olan bəzi müstəhəb namazları qaydasına uyğun qılmaq istədikdə həmin surəni oxumaq lazımdır. Həmd surəsindən sonra xüsusi bir surənin oxunulmasına dair göstəriş olmayan müstəhəb namazlarda isə namaz qılan hərçənd həmin namaz nəzir səbəbi ilə ona vacib olsa belə, ikinci surəni oxumaqdan imtina edə, yaxud onu oxuyarkən yarıda dayandıra və qalanını oxumayaraq rükuya gedə bilər. Həmçinin, müstəhəb namazlarda Həmd surəsindən sonra iki və ya daha artıq surə oxumaq olar.
Məsələ 1857. Qəza namazı olan şəxs müstəhəb namaz qıla bilər. Lakin vacib qəza namazının insanların nəzərində qılınmasında səhlənkarlıq sayılacaq qədər təxirə salınması caiz deyil.
Məsələ 1858. Müstəhəb namazı yarıda dayandırmaq olar. Hərçənd, müstəhəb ehtiyat namaz qılandan zərurət olmadan müstəhəb namazı yarımçıq qoymamağı tələb edir.

Müstəhəb namazların hissələrinin artırılıb-azaldılması
Məsələ 1859.Əgər namaz qılan müstəhəb namazda bir rüknü səhvən yerinə yetirməzsə və bunu şəriətə görə geri qayıdaraq həmin rüknü yerinə yetirə bilmədiyi bir yerdə başa düşərsə, namazı batildir.(7) Məsələn, əgər məğrib nafiləsində təşəhhüdü oxuyarkən, yaxud namazın salamından sonra birinci rükətin iki səcdəsini etmədiyini başa düşərsə, namazı batildir.
Məsələ 1860. Əgər müstəhəb namazda səhvən bir rüknü artıq yerinə yetirərsə, namazı batil olmur. Məsələn, əgər zöhr nafiləsinin bir rükətində səhvən iki dəfə rüku edərsə, nafilə namazı batil olmur.
Məsələ 1861. Əgər namaz qılan nafilə namazının hərəkətlərindən hər hansı birini unudarsa və ondan sonrakı rüknü yerinə yetirərkən xatırlayarsa, geri qayıdaraq unutduğu hərəkəti yerinə yetirməli, sonra həmin rüknü təkrarən yerinə yetirməlidir və bu halda rüknün artıq yerinə yetirilməsi müstəhəb namazı batil etmir.
Məsələn, əgər namaz qılan sübh nafiləsində rükuda Həmd və surəni oxumadığını, yaxud ayın başlanması namazında otuz dəfə Qədr surəsi yerinə bir dəfə İxlas surəsini oxuduğunu xatırlayarsa, geri qayıtmalı və sözügedən surələri oxumalı, sonra təkrarən rükuya getməlidir və bu halda artıq rüku nafiləni batil etmir. Həmçinin, əgər sübh nafiləsində rükunu unudarsa və bunu ikinci səcdədə xatırlayarsa, geri qayıtmalı və rüku etdikdən sonra təkrarən iki səcdə etməlidir və bu halda iki artıq səcdə etmək nafiləni batil etmir.
Qeyd etmək lazımdır ki, əgər geri qayıtmaq və unudulmuş hissəni yerinə yetirmək rükət artımına səbəb olursa, bu hökm qüvvəsini itirir. Məsələn, əgər ikinci rükətdə birinci rükətin qiraətini unutduğunu xatırlayarsa, geri qayıda bilməz. Çünki bu halda qiraət və ondan sonrakı hərəkətlərin yerinə yetirilməsi namazda rükət artımına səbəb olur.

Müstəhəb namazın hərəkət və zikrlərində şəkk və güman
Məsələ 1862. Əgər insan müstəhəb namazı qılıb-qılmadığına şəkk edərsə, həmin namazın Cəfər Təyyar namazı kimi müəyyən bir vaxtı olmadığı təqdirdə qılmaması ehtimalını əsas götürməlidir. Həmçinin, əgər gündəlik nafilələr kimi müəyyən bir vaxtı vardırsa və insan vaxtı başa çatmamış onu qılıb-qılmadığına şəkk edərsə, qılmaması ehtimalını əsas götürməlidir. Lakin əgər vaxtı keçdikdən sonra həmin namazı qılıb-qılmadığına şəkk edərsə, şəkkinə etina etməsin.
Məsələ 1863. Əgər müstəhəb namazın rükətlərinin sayında şəkk edərsə, böyük sayı ifadə edən ehtimal namazı batil etdiyi təqdirdə kiçik sayı ifadə edən ehtimalı əsas götürməlidir. Məsələn, əgər namaz qılan sübh nafiləsində ikinci, yoxsa üçüncü rükətdə olduğuna şəkk edirsə, ikinci rükətdə olması ehtimalını əsas götürməlidir. Ancaq əgər böyük sayı ifadə edən ehtimal namazı batil etmirsə, məsələn, ikinci, yoxsa birinci rükətdə olduğuna şəkk edirsə, hansı ehtimalı əsas götürərək hərəkət etsə, namazı doğrudur. Lakin əgər vitr namazında rükət sayı ilə bağlı şəkkə düşərsə, ehtiyat namazı yenidən qılmasını tələb edir.
Məsələ 1864. Vacib ehtiyata əsasən, müstəhəb namazlarda rükətlərin sayı ilə əlaqədar güman yəqin qüvvəsində sayılır. Yəni namaz qılan böyük, yaxud kiçik sayı (çox, yaxud az rükət sayını) ifadə edən ehtimallardan hər hansı birini əsas götürməkdə ixtiyar sahibi deyil, vacib ehtiyata əsasən, gümanına uyğun hərəkət etməlidir. Lakin gümanına uyğun hərəkət etməyin namazı batil etdiyi hallar istisnadır.
Məsələ 1865. Əgər ikirəkətli müstəhəb namazda üç, yaxud daha artıq rükət qıldığını güman edərsə, gümanına etina etməməlidir və namazı doğrudur. Məsələn, əgər namaz qılan qüfeylə namazında üç rükət qıldığını güman edərsə, iki rükət qıldığına dair da məntiqli bir ehtimalı vardırsa, iki rükət qılması ehtimalını əsas götürməlidir.
Məsələ 1866. Müstəhəb namazın hərəkət və zikrlərində şəkk və güman vacib namazda olduğu kimidir. Buna əsasən, əgər şəkk, yaxud güman yaranarkən həmin hərəkət və zikrin yeri keçməmiş olarsa, həmin hissəni yerinə yetirməli, yeri keçdiyi təqdirdə isə şəkkinə etina etməməlidir.
Məsələ 1867. Əgər insan vacib namazda səhv səcdəsinin vacib olmasına səbəb olan bir hərəkəti nafilə namazında edərsə, yaxud nafilə namazında bir səcdəni unudarsa və şəriətə görə namazın geri qayıdaraq həmin səcdəni yerinə yetirməsi mümkün olmayan bir hissəsinə başlayarsa, namazdan sonra səhv səcdəsi etməsi, yaxud unutduğu səcdənin qəzasını yerinə yetirməsi lazım deyil.
Məsələ 1868. Əgər insan müstəhəb namazda rüku, yaxud səcdənin vacib zikrini unudarsa və başını rükudan, yaxud səcdədən qaldırdıqdan sonra xatırlayarsa, geri qayıtmamalı, namazı davam etdirməlidir və səhv səcdəsi etməsinə də gərək yoxdur.


(1) Ayətəl Kürsünü 257ci ayəyə kimi ( -hum fiha xalidun-) oxumaq lazım ehtiyata əsasəndir.
(2) Bəzi nüsxələrdə şərif salavat zikrindən sonrakı ibarə “vəbəs səvabəhuma ila qəbri fulan” kimi göstərilir.
(3) Bəzi nüsxələrdə şərif salavat zikrindən sonrakı ibarə “vəbəs səvabəha ila qəbri zalikəl-meyyiti fulan ibni fulan” kimi göstərilir. (Burada isə “fulan ibni fulan” sözlərinin yerinə mərhumun və atasının adı çəkilir tərc.)
(4) Birinci qayda ilə qılınan vəhşət namazında dəfnin ilk gecəsi, ikinci qayda ilə qılınanda isə mərhumun vəfatının ilk gecəsi nəzərdə tutulur.
(5) Sinodik təqvim, ay təqvimi. Tərc.
(6) Bəzi nüsxələrdə ikinci bəsmələ ilə üçüncü arasında bu ayə, yəni Yunus surəsinin 104-cü ayəsi yerinə Ənam surəsinin 17-ci ayəsi göstərilmişdir: “Və in yəmsəskəllahu bizurrin fəla kaşifə ləhu illa huvə və in yəmsəskə bixayrin fəhuvə əla kulli şəyin qədir”.
(7) Namaz qılanın geri qayıdaraq səhvən yerinə yetirmədiyi rüknü yerinə yetirməsi mümkün olan zaman baxımından müstəhəb namazla vacib namaz arasında fərq vardır. Bu fərq 1861-ci məsələdə izah edilmişdir.

FİTR VƏ QURBAN BAYRAMI NAMAZI → ← AYAT NAMAZI
العربية فارسی اردو English Azərbaycan Türkçe Français