ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Kitablar » Geniş izahlı şəriət məsələləri, 1-ci cild

Qablarla bağlı hökmlər → ← NƏCASƏTLƏR

PAKLAYICILAR

PAKLAYICILAR
Paklayıcıların növləri
Məsələ 152.On iki şey nəcasəti paklayır və onlara paklayıcılar (mütəhhirat) deyilir:
1) su;
2) yer;
3) Günəş;
4) istihalə (bir haldan başqa hala keçmə);
5) inqilab (dəyişiklik);
6) intiqal (bir yerdən başqa yerə keçmə, köçürülmə);
7) İslam;
8) təbəiyyət (tabelik);
9) nəcisin özünün aradan qalxması;
10) nəcisyeyən heyvanın istibrası;
11) müsəlmanın qaibliyi;
12) kəsilmiş heyvanın qanının axması.
Paklayıcılarla bağlı hökmlər qarşıdakı məsələlərdə müfəssəl surətdə izah ediləcəkdir.

1
) Su
Əşyaların su ilə paklanmasının şərtləri
Məsələ 153.Su bir neçə şərtlə nəcasətlənmiş şeyi paklayır:
1) Mütləq olmalıdır.Beləliklə, qarpız suyu, gülab (qızılgül suyu) və söyüd cövhəri kimi muzaf sular nəcis şeyi pak etmir.
2) Pak olmalıdır.
3) Nəcasətli şeyi yuyarkən paklama başa çatmamış su muzaflaşmamalıdır(1).
4) Növbəti dəfə yumağa ehtiyac olmayan yumada su nəcasətin iyini, rəngini, yaxud dadını götürməməlidir, digər yumalarda isə nəcasətin təsiri ilə suyun iyinin, rənginin, yaxud dadının dəyişməsinin zərəri yoxdur. Məsələn, bir şey kür və ya ondan az həcmdə olan su ilə yuyularsa və iki dəfə yuyulması lazımdırsa, hərçənd birinci dəfə su nəcasətin rəngi, iyi, yaxud dadının təsiri ilə dəyişsə belə, ikinci dəfə belə bir dəyişikliyin baş vermədiyi su ilə yuyularsa, paklanır.
5) Nəcasətlənmiş əşya yuyulduqdan sonra onun üzərində özlüyündə nəcis sayılan şeyin kiçik zərrələri qalmamalı, tamamilə aradan getməlidir.
Qeyd etmək lazımdır ki, bəzi hallarda su ilə paklamada bir sıra digər şərtlər də tələb olunur. Bu şərtlər qarşıdakı məsələlərdə bəyan ediləcəkdir.
Məsələ 154.Kür, axar, yaxud yağış suyu ilə yuyulmada qüsalənin çıxması lazım deyil. Beləliklə, yuyularkən suyun hopduğu və sıxmaq, yaxud bənzər bir üsulla çıxdığı geyim, xalça və s. əşyalar kür, axar və ya yağış suyu ilə təmizləndikdə onlarda qalan suyun sıxmaq və s. üsullarla çıxarılmasına gərək yoxdur.
Məsələ 155. Az su ilə paklamada qüsalənin ayrılması lazımdır və bu lüzum az suyun qüsaləsi fətvaya əsasən nəcis hesab edildiyi hallarda fətvaya, ehtiyata əsasən nəcis sayıldığı hallarda isə vacib ehtiyata əsaslanır(2). Beləliklə, yuyularkən suyun hopduğu və sıxmaq, yaxud bənzər bir üsulla çıxarıldığı geyim, xalça və s. əşyalar az su ilə təmizləndikdə bu əşyalarda qalan suyu sıxmaq və s. üsullarla çıxarmaq (fətva, yaxud ehtiyata əsasən) lazımdır.
Məsələ 156. Kəndirlə hörülmüş nəcasətli həsir kür, yaxud axar suya salınarsa, özlüyündə nəcis sayılan şey onun üzərindən tamamilə yuyulub getdikdən sonra pak olur.Lakin onu az su ilə yumaq istədikdə mümkün olan istənilən üsulla, hərçənd ayaqla tapdalamaqla olsa belə, sıxmaq lazımdır ki, qüsalə ondan çıxsın(3).
Məsələ 157.İnsan saç və saqqalını az su ilə yuyarsa, tüklər həddən ziyadə sıx olmadığı təqdirdə qüsalənin çıxması üçün onları sıxmasına gərək yoxdur. Çünki bu yumada qüsalə normal miqdarda öz-özünə çıxır.
Məsələ 158. Az su ilə təmizləmədə suyun nəcasətlənmiş şeyin üzərinə tökülməsi şərt deyil, həmin şeyi suya salmaq da olar. Beləliklə, həmin şey bir dəfə yumaqla pak olan şeylərdəndirsə, nəcasətlənmiş şey pak olur, lakin az su nəcis olur.
Məsələ 159.Yuyarkən rəngi çıxan rəngli parça kür, axar, yaxud yağış suyu ilə paklanırsa, su parçanın rənginin təsiri ilə muzaflaşmazdan öncə onun hər tərəfini yuduğu halda həmin parça pak olur. Əgər az su ilə yuyulursa, hərçənd sıxdıqdan sonra su parçanın rənginin çıxması nəticəsində muzaflaşsa və süzülsə belə, sıxma əsnasında ondan muzaf su çıxmadığı təqdirdə pak olur.
Əşyaların paklanması qaydaları
Ətrafımızdakı nəcasətlənmiş əşyalar iki qismə bölünür: qablar və qab olmayanlar. Bu qisimlərin hər birinin paklanması ilə bağlı hökmlər qarşıdakı məsələlərdə bəyan ediləcəkdir:
Qabların paklanması ilə bağlı hökmlər
Məsələ 160.Nəcasətlənmiş qabın içini az su ilə, həmçinin, vacib ehtiyata əsasən, kür, axar və yağış suyu ilə də üç dəfə yumaq lazımdır.
Məsələ 161. Şərabla nəcasətlənmiş qab istənilən su ilə üç dəfə yuyulmalıdır və müstəhəb ehtiyat budur ki, onu yeddi dəfə yusunlar.
Məsələ 162. İtin yaladığı, yaxud içindən su və ya başqa bir növ maye içdiyi qabın öncə içini pak torpaqla sürtmək, sonra torpağını təmizləyərək iki dəfə az, yaxud kür və ya axar su ilə yumaq lazımdır. Həmçinin, əgər itin içindən su (yaxud başqa bir maye) içdiyi qabda qalan suyu başqa bir qaba tökərlərsə, həmin qaba da paklanma qaydası xüsusunda itin içindən su,yaxud başqa bir maye içdiyi qab üçün olan hökm şamil olur. Qeyd etmək lazımdır ki, bu hallarda öncə torpaqla sürtülmə, sonra yuyulma həyata keçirilməlidir. Əgər əksinə edilərsə, qab pak olmur.
Məsələ 163. Əgər itin ağzının suyu qaba tökülərsə, yaxud təri, sidiyi və s. ifrazatları onun içinə düşərsə, lazım ehtiyata əsasən, onu torpaqla sürtmək və sonra üç dəfə yumaq lazımdır. Həmçinin, əgər itin bədəninin başqa bir yeri, məsələn, əli, yaxud ayağı sirayətedici rütubətlə qabın içinə dəyərsə, lazım ehtiyata əsasən, onu torpaqla sürtmək və sonra üç dəfə yumaq lazımdır. İtin yaladığı qab olmayan şeylərə, məsələn, insanın əlinə isə qabla bağlı olan hökm şamil olmur və onun torpaqla sürtülməsi lazım deyil.
Məsələ 164. İtin ağzını toxundurduğu qabın ağzı (boğazı) dar olarsa, torpağı onun içinə tökərək hər tərəfinə dəyənədək çalxalamaq, sonra qeyd edilən qaydada yumaq lazımdır.
Məsələ 165. Donuzun yaladığı, yaxud içindən hər hansı bir maye içdiyi, yaxud içində siçovul ölən qab az, kür, yaxud axar su ilə yeddi dəfə yuyulmalıdır və torpaqla sürtülməsinə gərək yoxdur.
Məsələ 166. Nəcasətlənmiş gildən qayrılan, yaxud içinə nəcasətli su hopmuş kuzə və ya başqa bir saxsı qab kür, yaxud axar suya salınarsa, hər yanına su dəydikdə paklanır. Onun divarlarının iç hissəsini də paklamaq istədikdə kür, yaxud axar suda o qədər qalmalıdır ki, su onun hər yerinə hopsun. Qabda suyun onun divarlarının içinə nüfuz etməsinə mane olan bir rütubət olarsa, öncə onu qurutmaq, sonra kür və ya axar suya salmaq lazımdır.
Məsələ 167. Nəcasətlənmiş qabı az su ilə iki cür yumaq olar:
a) üç dəfəsu ilə doldurub boşaltmaqla;
b) üç dəfə içinə bir qədər su tökərək hər dəfə bütün nəcasətlənmiş yerlərinə dəyəcək şəkildə çalxalamaq və sonra suyu çölə tökməklə.
Məsələ 168.Böyük mis qazan və saxsı küp kimi iri bir qabnəcis olarsa, onu üç dəfə su ilə doldurularaq boşaltdıqda pak olur. Həmçinin, içinə üç dəfə yuxarıdan aşağıya doğru hər tərəfini əhatə edəcək şəkildə su tökülərsə və hər dəfə dibində yığılan su çölə tökülərsə, pak olur. Müstəhəb ehtiyat budur ki, ikinci və üçüncü dəfə onun içində yığılan suyun boşaldılması üçün istifadə olunan qab yuyulsun.
Məsələ 169.Təndir, su hovuzu və bu qəbildən olan şeylərə qab hökmü şamil olmur və beləliklə, belə şeylər bir dəfə yumaqla pak olur.Əgər təndir, yaxud su hovuzunda suyun axıb getməsi üçün bir dəlik və ya boru yoxdursa və su onun içinə yığılırsa, onu az su ilə paklamaq istədikdə pak olması üçün yığılmış suyu parça, süngər, qab, yaxud bənzər şeylərlə çəkib boşaltmaq lazımdır.
Qabdan başqa əşyaların paklanması ilə bağlı hökmlər
Məsələ 170. Qab olmayan nəcasətlənmiş bir şey kür, axar, yaxud yağış suyu ilə su bütün nəcasətlənmiş yerlərinə dəyəcək şəkildə bir dəfə yuyularsa, paklanır və xalça, geyim və bənzər əşyalarda sıxmağa və ya bu kimi işlərə (sürtmək və tapdalamaq kimi) gərək yoxdur. Qeyd etmək lazımdır ki, yalnız bədən və ya libas idrarla nəcasətləndiyi təqdirdə, vacib ehtiyata əsasən, kür su və yağış suyu ilə iki dəfə yuyulmalıdır, axar suda isə bir dəfə yuyulmaqla da pak olur. Bu hökm yalnız geyim və bədənə aiddir və xalça, kovrolit və geyim olmayan parçalara və bu kimi şeylərə şamil olmur.
Məsələ 171. Bədənin nəcasəti kür, yaxud axar su ilə aradan qaldırılarsa, bədən paklanır. Yalnız istisna olaraq əgər bədən idrarla nəcasətlənərsə, bu halda, vacib ehtiyata əsasən, kür su ilə bir dəfə yumaqla paklanmır. Lakin bunun üçün bir dəfə yuyunduqdan sonra suyun altından çıxaraq yenidən suya girməyə gərək yoxdur, əgər suyun altında onun bədəndən axıb getməsi üçün həmin yerə əl çəkilərsə, sonra yenidən su bədənə dəyərsə, kifayət edir.
Məsələ 172. Qab olmayan idrarla nəcasətlənmiş bir əşyanı az su ilə yumaq istədikdə su əşyanın üzərinə bir dəfə tökülərsə və axıb gedərsə, həmin əşyada idrar qalmadıqda paklanır. Lakin istisna olaraq libas və bədən pak olması üçün iki dəfə yuyulmalıdır. İstənilən halda paltar, xalı və bu qəbildən olan şeyləri az su ilə yuduqda (fətva, yaxud vacib ehtiyata əsasən )(4) qüsaləsinin çıxması üçün onları sıxmaq lazımdır.
Məsələ 173. Bir şey hələ yeməklə qidalanmağa başlamamış südəmər oğlan, yaxud qız uşağının idrarı ilə nəcasətlənərsə, həmin şeyin üzərinə bütün nəcasətlənmiş yerlərinə dəyəcək şəkildə bir dəfə (hətta azacıq həcmdə olsa belə) su tökülərsə və nəcasət suyun içində itmiş hesab edilərsə, həmin şey pak olur. Lakin müstəhəb ehtiyata əsasən, həmin şeyin üzərinə bir dəfə də su tökülməlidir. Bu halda geyim, xalça və bənzər şeylərin sıxılmasına gərək yoxdur.
Məsələ 174.Qab olmayan bir əşya idrardan başqa bir şeylə (qan, nəcis və məni kimi) nəcasətlənərsə, nəcasəti aradan qaldırmaqla onun üzərinə bir dəfə az su tökərlərsə və su axıb gedərsə, paklanır. Lakin paltar və bu qəbildən olan əşyaları isə (fətvaya, yaxud ehtiyata əsasən) qüsaləsinin çıxması üçün sıxmaq lazımdır.
Əşyaların su ilə paklanması ilə bağlı digər hökmlər
Məsələ 175. İstənilən nəcasətlənmiş əşya nəcasətin özü onun üzərindən qaldırılmayınca pak olmur. Lakin əşyada nəcasətin iyi, rəngi, yaxud dadı qalarsa,ehtiyata lüzum yoxdur. Məsələn, qanla nəcasətlənən bir paltar yuyularsa və qanın özü paltardan gedərsə, lakin qanın rəngi paltarda qalarsa, həmin paltar pakdır və hətta rəngi yuyucu vasitələrlə aradan qaldırmaq mümkün olsa belə, buna gərək yoxdur.
Məsələ 176. Paklamaq üçün əşyanın bir neçə dəfə yuyulmalı olduğu hallarda yuyulmaların ardıcıl həyata keçirilməsi vacib deyil. Buna əsasən, iki dəfə yuyulmalı olan bir şey bir gün bir dəfə, başqa bir gün də ikinci dəfə yuyularsa, kifayətdir. Həmçinin, qüsaləni çıxarmaq üçün sıxmaq lazım gələn hallarda (məsələn, nəcasətlənmiş paltar az su ilə yuyulduğu halda) əşyanın dərhal, yuyulmadan sonra fasilə vermədən sıxılması şərt deyildir. Lakin bu iş qüsalə suyunun önəmli bir qisminin paltarda qurumasına səbəb olacaq qədər təxirə salınmamalıdır.
Məsələ 177. Düyü, dənli paxlalı bitkilər, buğda və bu qəbildən olan şeylərin üstü nəcasətlənərsə, digər şeylər kimi üzərinə su tökməklə, yaxud suya salmaqla pak olur. Əgər onların içi nəcasətlənərsə, onların içini də paklamaq istədikdə kür və ya axar suda o qədər saxlamaq lazımdır ki, su onların daxilinə nüfuz etsin. Əgər həmin şeydə suyun onun daxilinə nüfuz etməsinə mane olan rütubət mövcud olarsa, öncə onu qurutmaq, sonra kür, yaxud axar suya salmaq lazımdır.
Məsələ 178.Sabunun səthi nəcasətlənərsə, onu paklamaq olar, lakin daxili nəcasətləndiyi təqdirdə onu paklamaq mümkün deyildir. İnsan nəcasətlənmiş suyun sabunun daxilinə nüfuz edib-etməməsinə şəkk edərsə, daxili pakdır.
Məsələ 179. Dişlərin arasında qalan nəcasətli qida qalıqları əgər ağız su ilə (hərçənd az su ilə olsa da) yaxalanarsa və suyun nəcasətli qida qalığının bütün hissələrinə təmas etdiyinə dair yəqinlik hasil edilərsə, pak olur.
Məsələ 180.Metal, yaxud plastik maddələr kimi nəcasətlənmiş cisim əridilərsə və əritmə nəticəsində onun daxili də nəcis olarsa, yenidən bərk maddəyə çevrildikdən sonra su ilə yuyulduğu təqdirdə səthi pak olur.
Məsələ 181. Daş duz və bənzər şeylər nəcasətlənərsə, az su, yaxud kür su və ya axar su ilə yuyulmasından asılı olmayaraq, yuyulduqda su muzaflaşmadığı təqdirdə paklanır.
Məsələ 182.Ərimiş nəcasətli şəkərdən qənd hazırlayarlarsa və sonraonu kür, yaxud axar suya salarlarsa, pak olmur.
Məsələ 183. İnsan bir əşyanı yuyaraq paklandığına əmin olarsa və sonra nəcasətin özünü ondan tamamilə təmizləyib-təmizləmədiyinə şəkk edərsə, nəcasətin özünün aradan qalxdığına yəqinlik, arxayınlıq hasil etmək üçün onu yenidən yumalıdır. Lakin əgər sözügedən insan vasvasılığa düçar olmuş şəxsdirsə, bu halda istisna olaraq şəkkinə etina etməməlidir.
Məsələ 184.İnsan bir paltarı kür və ya axar suda yuyarsa və sonra onun üzərində lil görərsə, lilin suyun paltara dəyməsinə əngəl törətdiyini ehtimal etmədiyi təqdirdə həmin paltar pakdır.
Məsələ 185.İnsan nəcasətlənmiş paltar və bu qəbildən olan bir şeyi yuyarsa və yuduqdan sonra üzərində palçıq zərrələri, yaxud sabun qırıntıları görərsə, həmin şeyin suyun paltara dəyməsinin qarşısını aldığını ehtimal etmədiyi təqdirdə həmin paltar pakdır. Lakin palçıq, sabun qırıntısı və ya bənzərbir şeyin suyun nəcasətlənmiş yerə dəyməsinin qarşısını aldığını bilirsə, yaxud bu xüsusda şəkki vardırsa, həmin yerin nəcasətli olmasına hökm edilir.
Qeyd etmək lazımdır ki, əgər nəcasətli su palçıq və ya sabunun daxilinə nüfuz etmişdirsə, onların daxili nəcisdir, lakin paltarın üzərində müşahidə olunan palçıq və ya sabunun üst tərəfi isə pak sayılır. Yalnız paltarı sıxarkən palçıq və sabunun görünməyən nəcasətlənmiş hissəsinin üzə çıxdığını bilirsə, bu hal istisna təşkil edir.
Məsələ 186. Nəcasətlənmiş ət və quyruq digər əşyalar kimi yuyulur. Həmçinin, əgər nəcasətlənmiş bədən, paltar, yaxud qabda suyun onlara dəyməsinə mane olmayan cüzi yağlılıq olarsa, digər əşyalar kimi yuyulur.
Məsələ 187. Qab, yaxud bədən nəcasətlənərsə, sonra suyun onlara dəyməsinə mane olacaq dərəcədə yağlanarsa, həmin qab və ya bədən üzvünü yumaq istədikdə öncə suyun onlara dəyməsi üçün yağlılığı aradan qaldırmaq lazımdır.
Məsələ 188. Suyu özünə hopduran yer səthi, məsələn, səthi qum və çınqılla örtülü olan yer nəcasətlənərsə, az su ilə də pak olur. Lakin qum və çınqılların altı az suyun qüsaləsi ilə təmas etdiyinə görə ona az suyun qüsaləsi ilə bağlı 36-cı məsələdə qeyd edilən hökm şamil olur.
Məsələ 189. Suyun nüfuz etmədiyi, daş və kərpiclə örtülü yer, möhkəm yer səthi nəcasətlənərsə, az su ilə pak olur. Lakin bunun üçün onun üzərinə axacaq qədər su tökülməlidir və əgər onun üzərinə tökülən su hər hansı bir məcra ilə axaraq çölə tökülməzsə, bir yerə toplanarsa, həmin yerin pak olması üçün yığılan suyu parça və ya qab kimi təmiz şeylərlə, yaxud sorucu bir alət vasitəsi ilə çəkib boşaltmaq lazımdır.
2) Yer
Məsələ 190.Yer aşağıdakı beş şərtlə ayağın və ayaqqabının altını paklayır:
1) Yer pak olmalıdır.
2) Yer quru olmalıdır. Ancaq yerdə sirayətedici olmayan rütubətin mövcudluğunun işkalı yoxdur (ehtiyat tələb etmir).
3) Lazım ehtiyata əsasən, nəcasət ayağın və ya ayaqqabının altına nəcasətlənmiş yerdən sirayət etmiş olmalıdır.
4) Nəcisin özü, məsələn, qan və idrar, yaxud nəcasətə bulaşmış şey, məsələn, nəcasətlənmiş palçıq ayaq və ayaqqabının altında qalarsa, yerin üstündə yerimək, yaxud ayağı yerə sürtməklə aradan getməlidir. Nəcasətin özü daha öncə aradan getmiş olarsa(idrara bulaşan və yerlə təmasdan öncə quruyan ayaqqabı altı kimi), lazım ehtiyata əsasən, yeriməklə, yaxud ayağı yerə sürtməklə pak olmur.
5) Yerin səthi torpaq, daş, kərpic və bu qəbildən olan şeylər olmalıdır. Buna əsasən, xalça, həsir, ot və bu kimi şeylərin üzərində yeriməklə nəcasətli ayaq və ayaqqabı altı pak olmur.
Məsələ 191.Vacib ehtiyata əsasən, nəcasətli ayaq və ayaqqabı altı asfaltın üzərində və taxta döşəmənin üstündə yeriməklə, həmçinin,divara sürtməklə pak olmur.
Məsələ 192. Ayağın və ayaqqabının altının pak olması üçün hərçənd daha az məsafəni yeriməklə, yaxud ayağın yerə sürtülməsi ilə nəcasətin özü aradan getsə belə, daha yaxşı olar ki, on beş qulac(5) və ya daha artıq məsafə qət edilsin.
Məsələ 193.Ayaq və ayaqabının altının rütubətli olmasına ehtiyac yoxdur, quru olsa da, yeriməklə paklanır.
Məsələ 194. Ayaq və ayaqqabının altı yeriməklə paklandıqdan sonra onların altı ilə yanaşı kənarlarının adətən palçığa bulaşan hissəsi də pak olur.
Məsələ 195. Əlini və dizini yerə qoymaqla yeriyən şəxsin əlinin içi, yaxud dizi nəcasətlənərsə, vacib ehtiyata əsasən, yeriməklə pak olmur. Həmçinin, əsanın və protez ayağın altı, dördayaqlı heyvanların nalı, motosiklet və avtomobil təkərləri kimi şeylər bu qəbildəndir.
Məsələ 196.Yeridikdən sonra ayaq və ya ayaqqabının altında nəcasətin iyi, yaxud rəngi və ya gözlə görünməyən kiçik nəcasət zərrələri qalarsa, ehtiyata lüzum yoxdur. Hərçənd, müstəhəb ehtiyata əsasən, onların də aradan getməsi üçün kifayət edəcək qədər yerimək lazımdır.
Məsələ 197. Ayaqqabının içi yeriməklə paklanmır. Həmçinin, corabın altı da, vacib ehtiyata əsasən, yeriməklə pak olmur. Yalnız corabın altının dəri və bənzər materiallardan olduğu və onunla çöldə yeriməyin normal sayıldığı hal istisnadır.
3) Günəş
Məsələ 198. Günəş yer, bina və divarı aşağıdakı beş şərtlə paklayır:
1) Nəcasətlənmiş şeydə sirayətedici rütubət olmalıdır. Beləliklə, əgər quru olarsa, onu hər hansı bir vasitə ilə (hərçənd muzaf su və ya nəcasətlənmiş su ilə olsa belə) islatmaq lazımdır ki, Günəş onu qurutsun.
2) Nəcasətin özü həmin şeydə qalmamalıdır.
3) Günəş şüalarının qarşısını alan bir maneə olmamalıdır. Beləliklə, əgər Günəş pərdə, bulud və bu kimi şeylərin arxasından işıq saçaraq nəcasətlənmiş yeri qurudarsa, həmin şey pak olmur. Lakin bulud Günəş şüalarının qarşısını ala bilməyəcək qədər seyrək, yaxud şüşə (pəncərə, fasad və s.) onun işıq saçmasının qarşısını ala bilməyəcək qədər şəffaf olarsa, bu, ehtiyata lüzum yoxdur.
4) Günəş nəcasətlənmiş şeyi təkbaşına qurutmalıdır. Beləliklə, əgər misal olaraq nəcasətlənmiş şey külək və Günəş vasitəsilə quruyarsa, pak olmur. Lakin əgər ürfən (insanların nəzərində) quruma Günəş şüalarının nəticəsi hesab edilərsə, ehtiyata lüzum yoxdur.
5) Günəş tikilinin nəcasətin sirayət etdiyi hissəsini bir dəfəyə qurutmalıdır. Beləliklə, əgər nəcasətlənmiş yerin və binanın üzərinə işıq saçaraq onun üst tərəfini qurudarsa, sonra növbəti dəfə onun alt tərəfini qurudarsa, onun yalnız üst tərəfi paklanır, alt tərəfi isə nəcis olaraq qalır.
Məsələ 199.Torpaq mənşəli olan, lakin mövcud vəziyyətində yer səthi sayılmayan kuzə, təsbeh və möhür kimi daşınan əşyalar Günəşlə paklanmır. Hal-hazırda yer örtüyünün tərkib hissəsi sayılan daş parçası və bu qəbildən olan şeylər isə hərçənd daşına bilən şey olsa da, Günəş vasitəsilə pak olur. Lakin ürfən yer örtüyünün tərkib hissəsi sayılmadığı təqdirdə isə Günəşlə paklanmır. Məsələn, mozaika, daş, asfalt, yaxud qırla örtülü yerə döşənmiş kərpic və gəc bu qəbildəndir.
Məsələ 200. Günəş nəcasətlənmiş həsiri paklayır, lakin əgər ip (kəndir) ilə hörülmüş olarsa, ipləri paklamır.
Məsələ 201. Ağaclar və onların yarpaq və meyvələri, bitkilər və otlar, tikilidə istifadə olunan qapı, pəncərə, mismar və taxtalar, vacib ehtiyata əsasən, Günəş vasitəsilə paklanmır.
Məsələ 202.Əgər nəcasətlənmiş yerə Günəş şüaları dəyərsə, sonra insan Günəş şüaları dəyərkən yerin rütubətli olub-olmadığına, yaxud rütubətinin məhz Günəş şüaları vasitəsilə quruyub-qurumadığına şəkk edərsə, həmin yer nəcisdir. Həmçinin, əgər nəcasətin özünün onun üzərindən gedib-getmədiyinə şəkk edərsə, həmin yer nəcisdir. Əgər hər hansı bir şeyin Günəş şüalarının qarşısını alıb-almadığına şəkk edərsə, vacib ehtiyata əsasən, həmin yer pak hesab edilmir.
Məsələ 203. Günəş şüaları nəcasətlənmiş divarın bir üzünə düşərsə və onların vasitəsi ilə divarın Günəş şüalarını görməyən digər üzü də quruyarsa, hər iki tərəfin pak olması bəid deyil (pak olur).Lakin əgər bir gün divar, yaxud yerin səthini, başqa bir gün isə daxilini qurudarsa, bu halda yalnız səth pak olur.

4
) İstihalə (haldəyişmə)
Məsələ 204. Əgər nəcis şeyin mahiyyəti – ürfən – özlüyündə nəcis olan şeylərdən olmayan bir şeyə çevriləcək şəkildə dəyişərsə, pak olur. Daha dəqiq desək, bir şeyin növ surətinin– ürfən – pak olan başqa bir şeyə çevrilməsinə istihalə deyilir. Məsələn:
1) nəcasətlənmiş taxtanın yanaraq külə, yaxud tüstüyə çevrilməsi;
2) itin duzlağa düşərək duza çevrilməsi;
3) bitkinin nəcis su və duzları özünə çəkərək gül, yarpaq və ya meyvəyə çevirməsi;
4) əti halal olan heyvanın içdiyi nəcasətlənmiş suyun, yediyi nəcis qidanın onun orqanizmində idrara, peyinə, tərə və s. çevrilməsi.
Lakin dəyişiklik bir şeyin cinsi dəyişməyəcək şəkildə baş verərsə, onun yalnız adı, yaxud xüsusiyyəti dəyişərsə, pak olmur. Məsələn:
1) Əgər nəcasətlənmiş buğdadan un hazırlayarlarsa, yaxud onunla çörək bişirərlərsə, bu fiziki dəyişiklik istihalə hesab edilmir və sözügedən çörək, yaxud un nəcasətlidir.
2) Əgər nəcasətlənmiş mütləq, yaxud muzaf suyu və ya idrar kimi özlüyündə nəcis olan bir şeyi buxarlandırarlarsa, sonra həmin buxarı distillə edərlərsə, əmələ gələn maye nəcisdir. Ancaq həmin buxar maye damcılarına çevrilməmişdən öncə bədən, paltar, yaxud digər əşyalara toxunarsa, onları nəcasətləndirmir.
Məsələ 205. Nəcasətlənmiş gildən hazırlanan kuzə və digər saxsı qablar, dulusçuluq məmulatları nəcasətlidir. Lakin nəcasətlənmiş taxtadan hazırlanan ağac kömürü onda ağac xüsusiyyətlərinin heç biri olmadığı təqdirdə pakdır. Əgər nəcasətlənmiş gil hərarətin təsiri ilə dulusçuluq məmulatına, yaxud kərpicə çevrilərsə, vacib ehtiyata əsasən, nəcisdir.
Məsələ 206. İstihaləyə məruz qalıb-qalmadığı məlum olmayan nəcis şey nəcisdir.

5
) İnqilab (çevrilmə)
Məsələ 207. Şərab öz-özünə, yaxud sirkə və duz əlavə edilməklə sirkəyə çevrilərsə, pak olur və buna “inqilab” deyilir.
Məsələ 208. Nəcasətlənmiş üzümdən və ya başqa meyvələrdən hazırlanmış, yaxud başqa bir nəcasətə bulaşmış şərab sirkəyə çevrilməklə pak olmur.
Məsələ 209. Nəcasətlənmiş üzüm, kişmiş və xurmadan hazırlanmış sirkə nəcisdir.
Məsələ 210. Üzüm, yaxud xurmanın xırda çöpləri onların dənələrinin içinə batarsa və ondan sirkə hazırlamaq istəyərlərsə, ehtiyata lüzum yoxdur. Xiyar, yerkökü, badımcan və başqa tərəvəzlərin də ona əlavə edilməsində, hətta sirkə alınmamışdan əvvəl olsa belə, ehtiyata lüzum yoxdur.Yalnız sirkəyə çevrilməzdən öncə məstediciləşməsi istisna təşkil edir.
Məsələ 211.Qızdırılma nəticəsində, yaxud öz-özünə qaynayan üzüm suyunun içilməsi haram olur. Əgər həcminin üçdə ikisi buxarlanaraq, üçdə biri qalanadək qaynayarsa, halal olur və əgər məstedici olduğu müəyyənləşərsə (bəzilərinin dediyi kimi, üzüm suyu öz-özünə qaynadığı təqdirdə məstedici olur), yalnız sirkəyə çevrilməklə halal olur.
Qeyd etmək lazımdır ki, 127-ci məsələdə qeyd edildiyi kimi, üzüm suyu şəraba çevrilməyincə sadəcə qaynamaqla nəcis olmur.
Məsələ 212. Üzüm suyu həcminin üçdə ikisini qaynamadan itirərsə, yerdə qalan hissəsi qaynadığı təqdirdə insanlar onu şirə deyil, üzüm suyu adlandırırsa, lazım ehtiyata əsasən, içilməsi haramdır.
Məsələ 213. Qaynayıb-qaynamadığı məlum olmayan üzüm suyunun içilməsi halaldır. Lakin əgər qaynayarsa, insan onun həcminin üçdə ikisini itirdiyinə yəqinlik hasil etmədən halal olmur.
Məsələ 214. Əgər bir qora salxımında bir qədər üzüm olarsa, həmin salxımdan əldə edilən ekstrakta üzüm suyu deyilmədiyi və o qaynadığı təqdirdə onu içmək halaldır.
Məsələ 215. Bir üzüm dənəsi qaynayan bir şeyin içinə düşərək qaynayarsa və həmin şeyə onun içində ərimiş hesab edilməyəcək şəkildə qarışarsa, lazım ehtiyata əsasən, yalnız həmin üzüm dənəsinin yeyilməsi haramdır.
Məsələ 216. Bir neçə qazanda şirə hazırlamaq istədikdə qaynayan qazana salınmış kəfgiri qaynamayan qazana salmaq olar.
Məsələ 217. Abqora üzüm suyu sayılmır. Buna əsasən,əgər qaynayarsa, pak və halaldır. Qora, yoxsa üzüm olduğu məlum olmayan şey də qaynadıqda halaldır.

6
) İntiqal (köçürülmə)
Məsələ 218. Xalq arasında qanı olmayan canlı kimi tanınan bir heyvan insanın, yaxud sıçrayan qanı olan bir heyvanın qanını sorarsa, belə ki,sorulmuş qan onun bədəninə cəzb edilməyə məruz qalarsa, məsələn, ağcaqanad insanın və ya bir heyvanın bədənindən qan sorarsa, həmin sorulmuş qan pak olur və buna “intiqal” deyilir. Lakin zəlinin müalicə məqsədilə insanın bədənindən sorduğu qan onun öz bədəninə qarışıb-qarışmadığı məlum olmadığına görə, nəcisdir.
Məsələ 219. Bir şəxs bədəninə qonan ağcaqanadı öldürərsə və ağcaqanadın sorduğu qan onun bədənindən ifraz olarsa, hərçənd onun sorulması ilə ağcaqanadın öldürülməsi arasında olduqca az zaman fasiləsi olsa da, ağcaqanadın qidasına çevrilmə ərəfəsində olduğuna görə həmin qan pakdır.Lakin müstəhəb ehtiyata əsasən, bu halda ona nəcis qan ilə əlaqədar hökmlər şamil edilməlidir.

7
) İslam
Məsələ 220. Kafir şəhadəteyni (kəlmeyi-şəhadəti) deyərsə, yəni hansı dildə olursa olsun, Allahın təkliyini və Peyğəmbərlərin sonuncusu Həzrət Muhəmmədin (s) peyğəmbərliyini iqrar və təsdiq edərsə, müsəlman olur və bundan öncə nəcasətə məhkum olduğu halda, müsəlman olduqdan sonra bədəni, ağız və burun seliyi, təri pak sayılır. Lakin İslamı qəbul edərkən bədənində özlüyündə nəcis sayılan bir şey (sidik, qan və s.) olarsa, onu aradan qaldırmalı və nəcasətləndirdiyi yeri yumalıdır. Hətta müsəlman olmamışdan öncə özlüyündə nəcis olan şey aradan qaldırılmış olsa belə, vacib ehtiyata əsasən, onun nəcasətləndirdiyi yeri yumalıdır.
Məsələ 221. Kafir ikən paltarı nəm halda bədəninə dəymişdirsə, həmin paltarın müsəlman olması əsnasında onun bədənində olub-olmamasından asılı olmayaraq, vacib ehtiyata əsasən, həmin paltarı pak olmağın şərt sayıldığı şeylər (işlər) üçün paklamalıdır.
Məsələ 222. Kafir kəlmeyi-şəhadət söyləyərsə, insan onun qəlbən müsəlman olub-olmadığını bilməsə də, pakdır. Həmçinin, kafir kəlmeyi-şəhadət söyləyərsə və insan onun qəlbən müsəlman olmadığını bilərsə, lakin kəlmeyi-şəhadətin izharına zidd olan bir davranışa yol verməzsə, pak hesab edilir.

8
) Təbəiyyət (tabelik)
Məsələ 223.Təbəiyyət bir nəcis şeyin başqa bir şeyin paklanması vasitəsilə pak olması deməkdir.
Məsələ 224. Şərab sirkəyə çevrilərsə, qabı da qaynayarkən şərabın dəydiyi yerədək pak olur və həmçinin, adətən, onun üzərinə qoyulan parça və ya başqa bir şey də şərabla nəcasətlənmişdisə, pak olur. Lakin əgər qaynama səbəbi ilə qabın çöl tərəfi həmin şərabla nəcasətlənərsə, vacib ehtiyata əsasən, təbəiyyətlə pak olmur.
Məsələ 225. Kafirin uşağı iki halda təbəiyyətlə paklanır:
1) Müsəlman olan bir kafirin uşağı təbəiyyət qaydası ilə onunla birgə pak olur. Həmçinin, əgər uşağın babası, anası, yaxud nənəsi müsəlman olarsa, o da pak sayılır. Lakin bu halda onun pak olması hökmü aşağıdakı şərtlərə bağlıdır:
a) Bundan öncə həddi-büluğa çatmayan uşaq təbəiyyət qaydası ilə yenicə İslamı qəbul edən şəxsdən (ata, ana və s.) asılı olaraq nəcasətə məhkum olmalıdır.
b) Uşaq həmin yeni müsəlmanla birgə yaşamalı və onun himayəsi altında olmalıdır.
c) Ona yaxın olan bir kafir onunla yoldaş olmamalıdır.
2) Bir müsəlman tərəfindən əsir götürülən və atası, yaxud babalarından biri yanında olmayan kafir uşağı paklıqda həmin müsəlmana tabedir (onun kimi pak olur) və bu halda uşağın təbəiyyətlə pak olması onun yaxşı ilə pisi ayırd edə bildiyi təqdirdə kafirlik göstərməməsi şərtinə bağlıdır.
Məsələ 226. Meyitin üzərində yuyulduğu taxta, yaxud daş, onun məhrəm yerlərinin örtülməsi üçün istifadə edilən parça və ona qüsl verən şəxsin əli –adətən qüsl zamanı su tökməklə birgə yuyulan bu şeylərin hamısı qüsl tamamlandıqdan sonra pak olur və meyitin məhrəm yerlərini örtmək üçün istifad edilən parçanın sıxılmasına ehtiyac yoxdur. Lakin qüsl verənin paltarı, bədəni və qüsldə istifadə edilən digər əşyalar (hətta vacib ehtiyata əsasən, adətən, meyit qüslü əsnasında nəcasətləndiyi hallarda belə) təbəiyyət vasitəsilə pak olmur və onları ayrıca yumaq lazımdır.
Məsələ 227. Nəcasətli bir əşya pak olduqdan sonra onun yuyulma vasitəsi olan yuyan şəxsin əli də (adətən, yuyulma əsnasında nəcasətli əşyaya və ya ondan axan suya dəyən hissəsi) pak olur. Həmçinin, paltar paltaryuyan maşınla yuyulduqda paltarlar şəriətin göstərişinə müvafiq qaydada yuyulduğu təqdirdə onlar pak olduqdan sonra maşının barabanı və qapısının iç tərəfi də (ürfən yuyulma vasitələri hesab edilir) təbəiyyətlə pak olur və onları yumağa ehtiyac yoxdur.
Məsələ 228. Bədən, yaxud paltar az su ilə yuyularsa, az suyun qüsaləsi nəcis olduğundan bəzi hallarda həmin (nəcasətlənən) yerin kənarları da bu nəcis qüsalə ilə toxunuş səbəbi ilə nəcasətlənə bilər. Belə hallarda kənarların (nəcasətlənmiş hissəyə bitişik olan və adətən, yuyularkən suyun sirayət etdiyi yerlərin) pak olması üçün ayrıca paklamaya ehtiyac yoxdur, suyun nəcasətlənmiş yerə tökülməsindən və həmin yerin pak olmasından sonra onun kənarları da (nəcis qüsalə vasitəsi ilə nəcasətlənməsi fərz edilməklə) pak olur.
Həmçinin, əgər pak bir şeyi nəcasətlənmiş bir şeyin yanına qoymaq və hər ikisinin üstünə su tökmək də bu qəbildəndir. Beləliklə, əgər nəcasətlənmiş barmağı yumaq üçün bütün barmaqların üstünə su tökülərsə və bu zaman su nəcasətli barmaqdan digər barmaqların üstünə tökülərsə,digər barmaqları ayrıca yumağa ehtiyac yoxdur, nəcasətlənmiş barmağın pak olması ilə onlar (suyun aralarından hərəkət etdiyi barmaqlar) da pak olur.
Məsələ 229.Paltar və bu qəbildən olan bir əşyanı az su ilə yuyarlarsa və yuyulması üçün istifadə olunan suyun çıxması üçün normal sayılan qədər sıxarlarsa, həmin əşyanın pak olmasından sonra onda qalan su (rütubət) pakdır.
Məsələ 230. Nəcasətlənmiş qabı az su ilə yuyarlarsa, suyu qabda üç dəfə çalxalalayaraq çölə tökdükdən (yaxud qabı üç dəfə dolduraraq boşaltdıqdan) və qab pak olduqdan sonra qabda qalan cüzi miqdarda su pakdır.
Məsələ 231. Düyü, ət və bu qəbildən olan şeylərin üz tərəfi nəcasətlənərsə, onları pak bir qaba qoyub üzərinə bir dəfə su (az su da olar) tökər, sonra boşaldarlarsa, həmin şeylər pak olur, təbəiyyətlə qab da paklanır və onu bir neçə dəfə yumaq lazım deyil. Əgər nəcasətli qaba qoyarlarsa, az su ilə və vacib ehtiyata əsasən, kür və ya axar su ilə də bu işi üç dəfə təkrarlamaq lazımdır və bu halda qab da pak olur.

9
) Nəcisin özünün aradan qalxması
Məsələ 232. Heyvanın bədəni özlüyündə nəcis sayılan bir şeyə, məsələn, qana, yaxud nəcasətlənmiş bir şeyə, məsələn, nəcasətli suya bulaşarsa, həmin şeylər aradan getdikdən sonra heyvanın bədəni pak olur və yuyulmasına ehtiyac yoxdur. Beləliklə, əgər misal olaraq heyvanın bədəninin səthi yaralanaraq qana bulaşarsa, yaxud heyvanın balası doğularkən bədəni qana bulaşmış olarsa, qanın özünün və rütubətinin aradan getməsi ilə pak olur. Həmçinin, əgər quşun dimdiyi nəcisə bulaşarsa, yaxud bədəni sidiyə bulaşarsa, nəcis və sidiyin aradan getməsi və rütubətinin quruması ilə pak olur və yuyulmasına ehtiyac yoxdur.
Məsələ 233.İnsan bədəninin yuyula bilən daxili hissələri, məsələn, ağızın, burunun, qulağın və gözün içi xarici bir nəcasətlə təmasda olduqda nəcasətlənir və onun aradan getməsi ilə paklanır. Məsələn, əgər qanlı barmaq ağız boşluğuna daxil edilərsə və ağzın içi nəcasətlənərsə, qanın özünün aradan getməsi ilə ağız boşluğu pak sayılır və yuyulmasına ehtiyac yoxdur.
Məsələ 234.İnsan bədəninin yuyula bilən daxili hissələri, məsələn, ağızın, burunun, qulağın və gözün içi daxili bir nəcasətlə təmasda olduqda isə nəcasətlənmir. Məsələn, dişətindən gələn qan dişlərin və diş ətinin nəcasətlənməsinə səbəb olmur.
Məsələ 235. İnsan, yaxud heyvanlarda bədənin yuyula bilməyən daxili hissələri, məsələn, mədə, bağırsaq, yaxud damarlar daxili və ya xarici nəcasətlə təmas nəticəsində nəcasətlənmir. Buna əsasən, nəcasətli qida və maye qəbul edən insanın mədəsi və bağırsağı nəcasətlənmir. Həmçinin, yoğun bağırsaqdakı nəcis bağırsağın nəcasətlənməsinə səbəb olmur və eləcə də ürək və damarlardakı qan onların nəcasətlənməsinə səbəb olmur.
Məsələ 236.Dodaqların və göz qapaqlarının örtülərkən bir-birini örtən hissəsi bədənin daxili sayılır və beləliklə, xarici nəcasətlə təmasda olduğu təqdirdə yuyulması vacib deyil.
Məsələ 237.İnsanın bədənin xarici, yoxsa yuyula bilən daxili hissəsi olduğunu bilmədiyi bir yer xarici nəcasətlə təmas etdikdə onu yumalıdır, daxili nəcasətlə təmasda olduqda isə yuyulması vacib deyil.
Məsələ 238. İnsanın bədənin xarici, yoxsa yuyula bilməyən daxili hissəsi olduğunu bilmədiyi bir yer istər daxili, istərsə xarici nəcasətlə təmasda olduqda, yuyulması vacib deyil.
Məsələ 239.Qeyd edilən məsələlər (233-238-ci məsələlər) bədənin daxilinin özünün pak və nəcis olması ilə əlaqədar idi. Lakin əgər pak bir şey bədənin daxilində nəcis bir şeylə təmasda olarsa, pak şeyin nəcis olması və ya olmaması ilə bağlı hökm belədir:
1) Əgər təmas mədə və bağırsaq kimi yuyula bilməyən daxili hissədə baş verərsə, nəcasət nəcis şeydən pak şeyə ötürülmür və bu hökmdə aşağıdakı hallar arasında heç bir fərq yoxdur:
a) pak və nəcis şeyin hər ikisinin bədənin daxilindən olması, məsələn, vədyin(6) bədənin daxilində idrarla təmasda olması.
b) hər ikisinin bədənə kənardan daxil olması, məsələn, udulmuş xurma çəyirdəyinin bədənin daxilində içilmiş nəcasətli su ilə təmasda olması.
c) Birinin bədənin daxilindən, digərinin isə xarici ünsür olması, məsələn, inyeksiya üsulu ilə bədənə yeridilən dərmanın damarda qanla təmasda olması, yaxud imalə vasitələri və ya suyunun anus dəliyində nəcislə təmasda olması. Beləliklə, bu halların hamısında bədənin daxilində nəcis şeylə təmasda olan pak şey bədəndən çıxarkən nəcasətə bulaşmış olmadığı təqdirdə pakdır.
2) Əgər təmas ağız və burun boşluğu kimi yuyula bilən daxili hissədə baş verərsə:
a) Hər ikisi bədənin daxilindən olarsa, məsələn, ağız, yaxud burun seliyi bədənin daxilindən gələn qanla təmasda olarsa;
b) Pak şey xarici ünsür, nəcasət isə bədənin daxilindən olarsa, məsələn, ağızdakı süni diş digər dişlərin arasından gələn qanla təmasda olarsa, yaxud barmaq ağız boşluğunda diş ətindən gələn qanla təmasda olarsa və ya dişlərin arasında qalan qida qalıqları diş ətindən gələn qanla təmasda olarsa;
Bu iki halda (“a” və “b” bəndləri) bədəndən çıxarkən həmin nəcasətə (məsələn, qana) bulaşmaması şərti ilə nəcasət nəcis şeydən pak şeyə sirayət etmir.
c) Pak şey və nəcis şey hər ikisi xarici ünsür olarsa və bədənin daxilində bir-biri ilə təmasda olarsa, məsələn, süni diş ağızda bədəndən kənar bir nəcasətlə nəcis olmuş qida ilə təmasda olarsa, bu halda nəcasət nəcis şeydən pak şeyə sirayət edir və onu nəcis edir.

10
) Nəcisyeyən heyvanın istibrası
Məsələ 240. İnsanların nəzərincə yeganə qidası sayılacaq şəkildə insan nəcisi yeməyə adət edən əti halal olan heyvanın sidik və nəcisi nəcasətdir, onun ətinin yeyilməsi və südünün içilməsi də haramdır. Belə heyvanın təri ilə bağlı hökm 130-cu məsələdə açıqlanmışdır. Pak olması üçün həmin heyvanı istibra etmək, yəni bir müddət nəcasətlə qidalanmasının qarşısını almaq və başqa bir yemlə qidalandırmaq lazımdır ki, həmin müddətdən sonra artıq nəcisyeyən hesab edilməsin. Müstəhəb ehtiyata əsasən, nəcisyeyən dəvənin 40, inəyin 20, qoyunun 10, ördəyin 7 və ya 5, toyuğun isə 3 gün nəcislə qidalanmasının qarşısını almaq lazımdır və hərçənd, bu müddətin başa çatmasından öncə artıq həmin heyvanlara nəcisyeyən deyilməsə də, bu müddəti gözləmək lazımdır.
Məsələ 241. İstibra müddətində heyvana verilən qidanın pak olması şərt deyil və insan nəcisindən başqa nəcasətlənmiş yem, yaxud qan kimi özlüyündə nəcis olan şeylərlə də qidalandırmaq olar.

11
) Müsəlmanın qaib olması
Məsələ 242. Həddi-büluğa çatmış, yaxud həddi büluğa çatmayan, lakin paklıqla nəcasəti ayırd edə bilən azyaşlı müsəlmanın bədəni, yaxud onun ixtiyarında olan paltar və ya qab və xalça kimi digər bir əşya nəcasətlənərsə və həmin müsəlman qaib olarsa, məsələn, bədəni nəcasətlənərsə və evdən gedərsə, insan məntiqli əsaslarla onun həmin əşyanı yuduğunu ehtimal etdiyi təqdirdə həmin əşya pak sayılır. Buna əsasən, əgər insan daha sonra həmin müsəlmanla, yaxud onun qaib olduqdan sonra sirayətedici rütubətlə toxunduğu əşyalarla təmasda olarsa, o və həmin əşyalar pak hesab edilir. Bu hökm hətta paklıqla nəcasəti ayırd edə bilməyən həddi-büluğa çatmamış uşağa da şamil olunur. Çünki bu uşağın bu qəbildən olan işlərinə (hərəkətlərinə) nəzarət onun qəyyumunun vəzifəsidir.
Hökm etibarı ilə qaib olmaq qaranlıq və korluq deməkdir. Buna əsasən, əgər müsəlmanın bədəni, yaxud paltarı nəcasətlənərsə və insan onun paklanmasını korluq, yaxud qaranqlıq səbəbi ilə görməzsə, məntiqli əsaslarla onun həmin şeyi yuduğunu ehtimal etdiyi təqdirdə həmin şeyin paklığına hökm olunur.

12
) Şəri kəsim zamanı heyvandan normal miqdarda qanın axması
Məsələ 243.Əti halal olan heyvanın(dəvə istisna olmaqla) başını şəriət qaydalarına müvafiq olaraq kəsərlərsə, yaxud dəvəni şəriət qaydalarına uyğun şəkildə nəhr edərlərsə və onun qanı normal miqdarda axarsa, bədənində qalan qan (109-cu məsələdə də qeyd edildiyi kimi) pakdır və bu hökm, vacib ehtiyata əsasən, əti haram olan heyvana şamil deyil.

Nəcasətlənmiş əşyaların paklanmasının sübuta yetməsi üsulları
Məsələ 244.Nəcasətlənmiş əşyaların paklanması aşağıdakı üsullarla sübuta yetir:
1) Əşyanın paklandığına yəqinlik, yaxud arxayınlıq hasil etmək.
2) İki adil kişinin paklanmanın səbəbini açıqlamaqla əşyanın paklanmasına şahidlik etməsi, məsələn, idrara bulaşmış bir paltarın iki dəfə az su ilə yuyulduğuna şahidlik etməsi. Bir adil kişinin xəbər verməsi, vacib ehtiyata əsasən, arxayınlıq hasil etməsi istisna olmaqla kifayət deyil.
3) Nəcasət və paklığa riayət etməməkdə ittiham olunmaması şərti ilə bir əşyanın ixtiyarında və istifadəsində olduğu şəxsin onun paklandığını xəbər verməsi.
4) Müsəlmanın 242-ci məsələdə izah edildiyi kimi qaib olması.
5) Müsəlmanın işini doğru qəbul etmək. Bir müsəlman nəcasətlənmiş bir şeyi pak olması üçün yuyarsa, hərçənd düzgün qaydada yuyub-yumadığı məlum olmasa da, həmin şey pak sayılır. Məsələn, bir insan paltarlarını yuyulması üçün müsəlmanlar camaşırxanasına verir və təhvil aldıqda onların yuyulduğunu bilirsə, lakin yuyulma qaydası və onun şəriətə uyğun və düzgün olub-olmaması insan üçün şübhəlidirsə, bu halda həmin paltarlar pak sayılır.
Məsələ 245. Bir paltarın yuyulması üçün həvalə edildiyi şəxs onu yuduğunu söyləyərsə, onun sözü yalnız yuxarıdakı beş haldan birinə uyğun olduğu təqdirdə doğru qəbul edilir.
Vasvasılıq
Məsələ 246. Nəcasətlənmiş şeyin yuyulması xüsusunda normal insanlar kimi yəqinlik hasil edə bilməyən şəxs normal insanların nəcasətli əşyanı yuduğu qaydada hərəkət edərsə, kifayətdir və şəriət baxımından təharət və nəcasət məsələlərində həddən ziyadə ehtiyatlılıq bəyənilən bir iş deyildir. İnsanın (istər vasvasının, istərsə vasvası olmayan şəxsin) bədəninin, paltarının, yaxud başqa bir əşyasının nəcis olub-olmamasını yoxlamasına ehtiyac yoxdur. Həmçinin, filan nəcis şeyin başqa bir şeyə dəyib-dəymədiyinə, yaxud əgər dəymişdirsə, sirayətedici nəmliyi olub-olmadığına diqqət yetirməsinə gərək yoxdur. Bu halların hamısında sözügedən əşyaların paklığına hökm edilir.
Məsələ 247.Vasvasılıq xəstəliyinin müalicəsi üçün uzun müddət vəsvəsəyə qarşı etinasızlıq göstərmək və davranışlarda onu nəzərə almamaq yeganə çıxış yoludur və bu xəstəlik nə qədər müddət davam edirsə, onun müalicəsi üçün də daha uzun müddət vəsvəsələrə etinasız yanaşmaq tələb olunur. Vasvası adam başa düşməlidir ki, vəsvəsəsinə etina etmədiyi, davranışlarında onu nəzərə almadığı təqdirdə hətta yanlış hərəkət etmiş olsa belə günaha batmır və qiyamət günü buna görə cəzalandırılmayacaqdır. Şübhəsiz, vasvası insanı vəsvəsəsinə uyğun davranmağa sövq edən amillərdən biri də onun gördüyü işin batil olmasından və cəzalandırıla biləcəyindən qorxmasıdır. Halbuki, bu belə deyil. Vəsvəsəyə qarşı çıxmaq və ona etinasızlıq, hətta həmin insanın hərəkəti əslində doğru olmasa da, əsla günah sayılmaz, əksinə o, Rəbbinin hüzurunda üzrlü sayılır. Məsələn, bir insan bədəninin pak olub-olmaması ilə bağlı şəkkə düşərsə və pak hesab edərək dəstəmaz alar, namaz qılarsa, lakin uca Allaha əslində onun bədəninin nəcasətli olduğu, dəstəmaz və namazının doğru olmadığı məlumdursa, bu halda o Allah dərgahında heç bir məsuliyyət daşımayacaqdır. Çünki o, vəsvəsəsini nəzərə almamaqla şəri vəzifəsinə uyğun davranmışdır. Burada fəqihin fətvası mükəlləf üçün dəlildir. Yəni əgər mükəlləf şəxs fəqihin fətvasına uyğun hərəkət edərsə və bu hərəkət Allahın nəzərində əslində doğru deyilsə, bu halda insan həmin hərəkətinə görə cəzalandırılmayacaqdır. Məsələn, bir fəqih spirtin pak olduğuna dair fətva verərsə və mükəlləf də bu fətvaya əsasən, spirtdən ehtiyat etməyərək ona bulaşmış bədən, yaxud paltarla dəstəmaz alaraq namaz qılarsa, lakin həqiqətdə spirt nəcis imişsə, bu halda o, qiyamət günü qıldığı batil namazlara görə cəzalandırılmayacaqdır. Çünki Rəbbinin dərgahına təqdim etmək üçün dəlili vardır və uca Allaha xitabla deyəcəkdir: “Ey Rəbbim! Sən mənə fəqihin fətvasına əməl etməyə icazə vermişdin və mənim təqlid etdiyim fəqih spirtin paklığına dair fətva vermişdi. Bu səbəbdən mən də ondan çəkinmədim. Məgər, buna rəğmən mən əzaba layiqəm?” Şübhəsiz, ona belə cavab veriləcəkdir: “Sənin üzrün qəbul edilmişdir və sənə heç bir cəza düşmür”. Vasvası insanın vəziyyəti də bu qəbildəndir. Çünki bütün böyük fəqihlər (Allah onlardan razı olsun!) mötəbər hədislərə əsaslanaraq aydın şəkildə fətva verirlər ki, vasvası insanın vəzifəsi vəsvəsəsinə etina etməmək və paklığına şəkk etdiyi hər şeyi pak saymaqdır. Hətta əgər vasvası insan bir şeyi nəcis hesab edərsə, lakin vasvasılığa düçar olmayan normal insanlar üçün həmin şeyin nəcasətləndiyi məlum olmazsa, bu halda vasvası adam öz yəqininə etina etməməli, həmin şeyi pak hesab etməlidir. Vasvası insan bu fətvaya əməl edərsə, hərçənd yanlış hərəkət etmiş, əslində namazını nəcasətli halda qılmış, yaxud nəcasətli bir qida qəbul etmiş olsa da, Allah dərgahında üzrlü sayılır. Şeytan və şeytani düşüncələr vasvası adama dəstəmazının, namazının doğru olmadığını, bədəninin nəcasətli olduğunu təlqin edərsə, şeytana belə cavab verməlidir: “Mənim üçün bu vəsvəsənin heç bir əhəmiyyəti yoxdur. Çünki mehriban və sonsuz hikmət sahibi olan Allahın dərgahında üzrlü sayılıram və O, məni cəzalandırmayacaqdır”.
Bir sözlə, vasvasılıqdan yaxa qurtarmaq üçün ən yaxşı yol ona qarşı etinasızlıq, şəriət hökmləri ilə daha yaxından tanış olmaq,adi insanların hərəkətini əsas götürərək hərəkət etməkdir. Vasvası insan şəriətin göstəriş verdiyi qədər paklanma ilə kifayətlənməli, bu həddi aşmamalı və bilməlidir ki, vəsvəsə şeytanın təlqinlərindəndir. Məsumlar (ə) hədislərində vəsvəsəni şeytana itaət kimi təqdim edirlər. Ondan qurtulmaq üçün ciddi qərar, möhkəm və sarsılmaz iradəyə, ilahi müvəffəqiyyətə, Haqq-təalanın dərgahına əl açaraq dua etməyə və hidayət qapıları olan məsum imamlara (ə) təvəssülə ehtiyac vardır(7).

(1) Bu hal üçün 159-cu məsələdə nümunə verilmişdir.
(2) Qüsalənin nəcisliyi ilə bağlı hallar 36-cı məsələdə qeyd edilmişdir.
(3) Az su ilə bağlı bu işin vacibliyi qüsalənin ehtiyata əsasən nəcis olduğu bəzi hallarda vacib ehtiyata əsaslanır.
(4) Bununla bağlı izah 155-cı məsələdə verilmişdir.
(5) On beş qulac təqribən 7 m-ə bərabərdir.
(6) Vədy bəzən idrardan sonra xaric olan bədənin pak ifrazatlarındandır.
(7) Bir rəvayətdə Abdullah ibn Sinanın belə nəql etdiyini oxuyuruq: “Əbu Abdullahın (İmam Sadiqin) yanında dəstəmaz və namazında vasvasılığa düçar olan bir şəxsin adını çəkdim və onun aqil bir insan olduğunu söylədim. O dedi: “Necə aqildir ki, şeytana itaət edir?!” Mən soruşdum: “Məgər, o şeytana necə itaət edir?” Əbu Abdullah (ə) dedi: “Bu vəziyyətin onda necə yarandığını, nədən qaynaqlandığını onun özündən soruş, bu davranışın şeytanın işi olduğunu deyəcəkdir”. Vəsail əş-şiə, c. 1, səh. 63, X bab, 1-ci hədis.

Qablarla bağlı hökmlər → ← NƏCASƏTLƏR
العربية فارسی اردو English Azərbaycan Türkçe Français