ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Ayətullah əl-üzma Seyid Əli Sistaninin (ömrü uzun olsun) möhtəşəm “Nəhcul-bəlağə” kitabı barəsində tövsiyələri

Sual:

Bismilləhir-Rahmənir-Rahim

Aliməqam mərcəyi-təqlid Ayətullah əl-üzma Seyid Əli Sistani (ömrü uzun olsun)
cənablarına
Salamun aleykum və rəhmətullahi və bərəkatuh
Təmənna edilir şərafətli “Nəhcul-bəlağə” kitabı barəsində lütfən bir neçə cümlə tövsiyə buyurasınız.
            Allah-taala mübarək vücudunuzu İslam və müsəlmanlar üçün hifz etsin!

Cavab: 

Bismilləhir-Rahmənir-Rahim

   Bu dəyərli kitabda Mövla Əmirəl-Möminindən (əleyhissəlam) qeyd edilən kəlamlar şübhəsiz, Allah-taalanın və Peyğəmbəri- Əkrəmin (sallallahu əleyhi və alih) kəlamından sonra bütün kəlamların ən yüksək zirvəsində durur. Ona görə ki, bu kəlamlar varlıq aləmində və onun həqiqətlərində mövcud olan fitri təfəkkür və diqqət əsasında bəyan edilmişdir. Bu ecazkar əsərdə İslam dininin üsul və maarifi, həyatın hikmətləri və bəşər yaşayışının dayaqları sayılan qayda-qanunları açıqlanmış, eləcə də nəfsin saflanma yolları və tərbiyəsi, şəriətin təməl mahiyyətli hökmləri və hədəfləri izah edilmişdir. Həmçinin, buradahökumət idarəçiliyinin şəraiti, qaydaları, hüququ və məsuliyyətləri, Allah-taalaya həmd-səna demək, Onundərgahınadua və raz-niyaz eyləmək üslubları və digər bir çox maarif bəyan olunmuşdur.
   Bütün bu deyilənlərdən əlavə bu möhtəşəm kitab İslam tarixinin və həzrət Peyğəmbəri- Əkrəmin (sallallahu əleyhi və alih) vəfatından sonra baş vermiş hadisələrin, ələlxüsus imam Əlinin (əleyhissəlam) xilafət dövrünün şəffaf aynası və o həzrətin yaşayış tərzinin, əxlaqi səciyyələrinin, davranışının, elm və biliyinin mühüm bir hissəsini ehtiva edir.
   Yaxşı olar dini məsələlərin öyrənilməsində, nəfsin saflanmasında və yüksək mənəvi keyfiyyətlərin əldə edilməsində bütün müsəlmanlar bu kitabdan nəhayət dərəcədə faydalansınlar. Hamıya, xüsusən də cavanlara tövsiyə edirəm ki, bu kitabın mütaliəsinə və onda təfəkkür etməyə yüksək əlaqə göstərsinlər və onun bəzi hissələrini əzbərləyib hafizələrində saxlasınlar. Həmçinin, o kəslər ki, həzrət Əliyə (əleyhissəlam) öz məhəbbətlərini bildirib arzu edirlər ki, kaş o həzrətin dövründə yaşayar, İmamın nəsihətlərini eşidər, hidayətindən bəhrələnər və onun yolunda hərəkət edərdilər, bu kitabın dəyərli kəlamlarından layiqincə istifadə etməklə öz arzularına çatmaları çox münasib olardı.
   Mövla Əli (əleyhissəlam) “Cəməl” döyüşündə buyurdular:“Bu gün mənimlə birgə o kəslər döyüşürlər ki, hazırda atalarının sülbündə və analarının rəhimindədirlər.”Həzrət bu bəyanla demək istəyir ki, Allah-taala insanların həzrət Əlinin (əleyhissəlam) zamanında olmaq və onun əmrlərinə itaət etmək arzulamaları niyyətinin gerçəkliyindən agahdır. Bunlar, o kəslərdir ki, Qiyamət günü hər bir qövmin öz (istər xeyir, istərsə də şər) rəhbəri ilə birlikdə toplanacağı zaman, onlar Allahın övliyası ilə birgə hazır olacaqlar. Belə yüksək məqam ona görədir ki, onlar heç bir şübhəyə varmadan, bəhanə gətirmədən və həzrətə olanməhəbbətlərini yalnız arzularla bildirmədən Mövla Əlinin (əleyhissəlam) doğru və haqq təlimlərinə əməl etmişlər.
   Yaxşı olar müsəlman hakimlər o həzrətin bu kimi şəxslər üçün şərh etdiyi vəzifələri icra etsinlər və göstərişlərinə mütabiq olaraq rəftar və əməl məqamında onun kimi addımlamağa çalışsınlar.Onlar gərək özlərini o həzrətin valiləri və icra hakimləri yerində görsünlər, ta ki, İmama (əleyhissəlam) olanbağlılıqları və onun amalına iltizamları aydın olsun.
   Allah-taaladan diləyirəm ki, hamımızın əlindən tutsun, doğru yola hidayət edib bizi nəfsi istəklərdən uzaq eyləsin! Həqiqətən, müvəffəqiyyət və səadət ancaq Pərvərdigarın əlindədir!
Əli Hüseyni Sistani


Hicri-qəməri 1433-cü il, rəcəb ayının 26-ı

العربية فارسی اردو English Azərbaycan Türkçe Français